Bolqarıstanın turizm naziri Xristo Prodanovun Bakıya səfəri aprelin əvvəlində planlaşdırılır.
Bu barədə “Report”a Bolqarıstanın Turizm Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, Bolqarıstan və Azərbaycanı bir-birinə ənənəvi yaxşı münasibətlər bağlayır: "Son illərdə aktivləşən siyasi və iqtisadi dialoq isə hər iki ölkənin müxtəlif sahələrdə əməkdaşlığı dərinləşdirmək istiqamətində daha bir addım atmaq istəyini nümayiş etdirir ki, turizm də, şübhəsiz ki, həmin sahələrdən biridir. Turizm münasibətlərinin gələcək inkişaf istiqaməti qabaqcıl təcrübə mübadiləsi, iki ölkənin turizm sahəsindəki rəsmi şəxsləri, elmi və biznes dairələri arasında əməkdaşlığın təşviqi və genişləndirilməsinin yeni üsulları ilə əlaqəli olmalıdır”.
Nazirlik Bakıda 2019-cu ildə keçirilmiş Beynəlxalq Turizm və Səyahətlər Sərgisini (AITF) xatırladaraq, həmin vaxt Bolqarıstanın stendinə yaxınlaşan şəxslərin spa və sağlamlaşdırma turizmi imkanlarına, həmçinin Bolqarıstan şəhərlərinə turların keçirilməsinə böyük maraq göstərdiklərini vurğulayıb.
“Bu yaxınlarda Bolqarıstanın turizm naziri Xristo Prodanov və Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov arasında görüş keçirildi. Görüş zamanı yaxın gələcəkdə epidemioloji vəziyyət imkan verəcəyi təqdirdə ikitərəfli biznes forumun keçirilməsi imkanları müzakirə olunub. Əsas məqsədlərimizindən biri iki ölkənin turizm biznesi arasında əlaqələrin təşviqidir ki, bu da öz növbəsində turizm mübadiləsinə öz töhfəsini verəcək. Hesab edirik ki, həm Bolqarıstan, həm də Azərbaycan yüksək keyfiyyətli turizm məhsullarının şaxələndirilməsi baxımından çox şeylər təklif edə bilər”, - nazirlikdən diqqətə çatdırılıb.