Azərbaycan regionlarında kifayət qədər yüksək standartlara uyğun hava limanları tikilsə də, onlarda gün ərzində maksimum bir və ya iki reys olur.
"Report" xəbər verir ki, bunu deputat Rüfət Quliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Aviasiya haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun fikrincə, aeroportların icarəyə verilməsi yeni iş yerlərinin açılmasına səbəb ola bilər: “Regionlardakı hava limanlarının fəaliyyəti üçün büdcədən vəsait ayrılırmı? Əgər ayrılırsa, bu, düz deyil. Dünyadakı hava limanlarının 55 %-i icarədədir. Türkiyədəki İstanbul aeroportu səhv etmirəmsə, İndoneziya şirkətinin icarəsindədir. Gürcüstanda bir çox aeroportları Türkiyə şirkətləri tikib və onların icarəsindədir".
R. Quliyev əlavə edib ki, bu yaxınlarda "Utair" şirkəti vasitəsilə Bakı-Sankt-Peterburq-Bakı reysindən istifadə edib: “Təyyarədə ekonom sinif sərnişinlər üçün yemək, su verilmir. Qiymət isə 250 manatdır. Mənə maraqlıdır ki, xarici şirkətlər burada fəaliyyətə başlayanda bizim tərəfdən hər hansı tələb qoyulurmu? Biz standartlardan danışırıq. Aviaşirkətlər Azərbaycana gəlib iş görür gedirlər. Belə uzunmüddətli uçuşlar zamanı sərnişinlər yemək ilə təmin edilmirlər".