Azərbaycan ICOMOS-un 23-cü Baş Assambleyasına ev sahibliyi edəcək

Turizm
  • 22 oktyabr, 2026
  • 16:44
Azərbaycan ICOMOS-un 23-cü Baş Assambleyasına ev sahibliyi edəcək

Bu gün Malayziyanın Kuçinq şəhərində Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın (ICOMOS) 22-ci Üçillik Baş Assambleyası keçirilib.

"Report" bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, Assambleya çərçivəsində Agentliyin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyəti sədrinin müavini Sədaqət Davudova təşkilatın 2029-cu ildə keçiriləcək növbəti Üçillik Baş Assambleyasına Bakı şəhərinin ev sahibliyi ilə bağlı təqdimat edib.

Təqdimat zamanı Azərbaycanın zəngin mədəni irsi, xüsusilə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş abidə və tarixi əraziləri, Bakının müasir infrastrukturu, beynəlxalq tədbirlərin təşkilində təcrübəsi barədə məlumat verilib. Həmçinin Azərbaycanın maddi və qeyri-maddi mədəni irsini əks etdirən videoçarx nümayiş etdirilib.

Assambleyada ICOMOS-un İdarə Heyəti Bakı şəhərinin 2029-cu ildə ICOMOS-un 23-cü Üçillik Baş Assambleyasına ev sahibliyi etməsi barədə qərar qəbul edib.

2021-ci ildə Dövlət Turizm Agentliyinin dəstəyi ilə yaradılmış ICOMOS Azərbaycan Milli Komitəsi ölkədə mədəni irsin qorunması, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və bu sahədə peşəkar təcrübə mübadiləsinin təşviqi istiqamətində fəaliyyət göstərir. ICOMOS-un üç ildən bir təşkil olunan Baş Assambleyası isə mədəni irsin qorunması sahəsində ən mühüm beynəlxalq platformalardan biridir.