Azərbaycan turizm imkanlarını İtaliyada nümayiş etdirir - YENİLƏNİB
- 24 fevral, 2025
- 16:50
İtaliyanın Florensiya şəhərində keçirilən “TourismA” beynəlxalq sərgisində Azərbaycanın arxeoloji və mədəni turizm imkanları tanıdılıb.
"Report" bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, Agentliyin təşkilatçılığı və Azərbaycanın İtaliyadakı səfirliyi ilə əməkdaşlıq çərçivəsində 21-23 fevral tarixlərində keçirilən sərgidə ölkəmizin qədim tarixi və arxeoloji abidələri barədə təqdimatlar edilib, ziyarətçilərə beynəlxalq əməkdaşlıq imkanları və arxeoloji irsin turizm məhsulu kimi inkişaf etdirilməsi istiqamətində görülən işlər haqqında məlumat verilib.
Təqdimatlarda, həmçinin tanınmış italyan arxeoloqu Nikola Laneri Azərbaycanın ən qədim arxeoloji abidələrindən biri olan “Tava Təpə” yaşayış məskəninin tarixi əhəmiyyətindən bəhs edib.
Sərgi çərçivəsində Dövlət Turizm Agentliyi arxeoloji irsin turizmə cəlbediciliyini artırmaq və bu sahədə yeni turizm marşrutları formalaşdırmaq məqsədilə bir sıra B2B görüşlər keçirilib, turizm şirkətləri, arxeoloji turlar üzrə ixtisaslaşmış turoperatorlar, elmi və mədəni təşkilatlarla əməkdaşlıq imkanları müzakirə olunub.
Sərgidə dünyanın müxtəlif ölkələrindən turizm sahəsində ixtisaslaşmış təşkilatlar, o cümlədən turizm şirkətləri, arxeoparklar, muzeylər, elmi tədqiqat institutları iştirak edib.
14:30
İtaliyanın Boloniya şəhərində keçirilən “Slow Wine” yarmarkasında Azərbaycanın icma əsaslı şərabçılıq ənənələri təqdim olunur.
"Report" bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, ölkəmizin ikinci dəfə təmsil olunduğu sərgidə qastroturizm və enoturizm imkanları təbliğ olunaraq şərabların dequstasiyası üçün milli istehsal nümunələrindən olan biomüxtəliklik məhsulları qonaqlara tanıdılır.
Yarmarkada ölkəmizi “Slow Wine” tələblərinə uyğun şəkildə istehsalı həyata keçirən Xocavənd rayonunun Tuğ kəndindən toplanmış eyniadlı üzüm sortlarından hazırlanmış “Xındoqnı” şərabları və digər icma əsaslı şərablar təmsil edirlər.
Bu gün başa çatacaq sərgidə 1 000-dən çox şərabçı və şərab zavodu nümayəndəsinin, o cümlədən 10 mindən çox ziyarətçinin iştirakı gözlənilir.
"Slow Food" hərəkatının tərkib hissəsi kimi “Slow Wine” hər bir şərab bölgəsinin unikal üzüm sortlarının xüsusiyyətlərini əsas götürərək mədəni və bioloji müxtəlifliyi, ətraf mühitə təsirlərin azaldılmasına, dayanıqlı istehsala və aqroekoloji təcrübəyə əsaslanan ənənələrin qorunmasını təbliğ edir.