BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a turizm sektoru da yüksək səviyyədə hazır olmalıdır.
"Report" xəbər verir ki, bunu "Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" (ATAA) İctimai Birliyinin İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov Bakıda keçirilən "Turizm Sənayesi Subyektlərinin Forumu"nda bildirib.
2023-cü il Azərbaycan turizmi sənayesi üçün qlobal arenada tanınmaq baxımından uğurlu il olub. İqtisadiyyatın dəyər zəncirinə daxil olan sahələrin böyük qismini özündə birləşdirən turizm qeyri-neft sektorunun aparıcı qolu olaraq ölkə iqtisadiyyatının inkişafında, Azərbaycanın regional və beynəlxalq turizm bazarında xüsusi mərkəzlərdən birinə çevrilməsində, ölkənin müsbət imicinin formalaşdırılmasında, məşğulluğun təmin olunmasında, biznes mühitinin yaxşılaşmasında əhəmiyyətli rol oynayır. COP29-a turizm sektoru da yüksək səviyyədə hazır olmalıdır. Bu cür miqyasda tədbirlərin keçirilməsi yalnız nüfuzlu, təşəbbüskar, stabil və təhlükəsiz dövlətlərə həvalə edilir ki, məhz bu üstünlüklər Azərbaycanı digər ölkələrdən fərqləndirir. Turizm sənayesi olaraq biz də bu böyük tədbirə hazırlıqlı olmalı, qonaqların ən yüksək səviyyədə qarşılanmasını təmin etməli, Azərbaycan haqqında müsbət təəssüratlarla geri dönmələrinə nail olmalıyıq", - deyə o qeyd edib.
"Biz turizmçilər - hər birimiz bir hədəfə vurmalı, güclü və qalib ölkəmizin belə bir dünyamiqyaslı tədbirə ən yüksək səviyyədə ev sahibliyi etməsində üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməliyik. Bu tədbir ölkəmizin tanınmasında, onun turizm potensialının dünyaya çatdırılmasında imkanlar açır. COP29-a həm də turizmin inkişafına təkan verəcək bir fürsət kimi də baxmaq lazımdır. Odur ki, tədbirin ən yüksək səviyyədə keçirilməsi üçün turizm sənayesi olaraq əlimizdən gələn dəstəyi göstəməyə hazırıq" - deyə sədr əlavə edib.