Yuxarı

Nazir bəzi hotellərdə turistlərdən nikah kağızının tələb olunmasına münasibət bildirib

Mən istəməzdim ki, Azərbaycanın hotelləri əxlaqsızlıq yuvasına çevrilsin

Bakı. 18 iyul. REPORT.AZ/ Azərbaycan qanunvericiliyində hoteldə qalanlardan nikah kağızının tələb olunması ilə bağlı bir müddəa yoxdur. “Report” xəbər verir ki, bunu ANS TV-yə müsahibəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. O, bu barədə bəzi hotellərdə turistlərdən nikah kağızının tələb olunmasına münasibət bildirərkən danışıb.

“Mən istəməzdim ki, Azərbaycanın otelləri əxlaqsızlıq yuvasına çevrilsin. Bu, bizim milli dəyərlərimizə uyğun deyil. Amma hesab edirəm ki, əgər kimsə pasportunu təqdim edərək oteldə qalırsa onun yanına gələn qonaqlarla maraqlanmağa dəyməz" – deyə nazir qeyd edib. 

Nazir həmçinin açıqlamasında bildirib ki, xarici televiziya kanallarında, o cümlədən “Euronews” kanalında Azərbaycan turizminin təbliği məqsədi daşıyan reklam çarxları nəticəsini verməkdədir. 

Onun sözlərinə görə, son vaxtlar Rusiyada yaşanan iqtisadi çətinliklərlə əlaqədar bu ölkədən Azərbaycana gələn turistlərin sayı azalsa da, əvəzində Avropanın bütün ölkələri üzrə turistlərin sayında artım müşahidə edilir. Həmçinin ərəb ölkələrindən, o cümlədən Birləşmiş Ərəb Əmirliklərindən də ölkəmizə turist axını var: “Son nəticədə turizm sektorunun ümumi daxili məhsulda payı 4,1% təşkil edib. Bu da neft ixracatçısı olan ölkə üçün böyük rəqəmdir”.

Nazir Azərbaycanın mehmanxana və mehmanxana tipli obyektlərində turistlərin qalması üçün yataq yerlərinin sayının getdikcə artdığını da bildirib: “10 il bundan əvvəl bizdə cəmi 11 min yataq yeri var idi. Hazırda bu rəqəm 38 mindir. Bunun da 17 mini Bakı şəhərində, qalanı isə regionlardadır”. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi