Bu il Rumıniyanı “Eurovision-2022” mahnı müsabiqəsində təmsil etmək üçün real namizəd sayılan müğənni Seyaya azərbaycanlı prodüserlik edəcək.
“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, rumıniyalı müğənninin prodüseri tanınmış azərbaycanlı prodüser, hazırda Ukraynada yaşayan İdris Cəfərovdur.
İ.Cəfərov "Report"un yerli bürosuna bildirib ki, müəğənni “Save me” (“Məni qoru”) mahnısı ilə çıxış edir: "Seya mahnısı ilə kifayət qədər populyarlıq qazanıb və Rumıniyanı təmsil edəcək real namizəddir. Azərbaycanda baxış sayına görə rekord vuran “Chokolata” mahnısı ilə populyar olan Seya daima Xocalı soyqırımına ədalət çağırışı ilə də Avropada diqqət çəkib. Avropada kifayət qədər tanınan sənətçi 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı ictimai fəallığı ilə Azərbaycana aktiv dəstəyilə də tanınıb".
Qeyd edək ki, “Eurovision-2022” mahnı müsabiqəsi bu il İtaliyada keçiriləcək.
Xatırladaq ki, 2014-cü ildən Ukraynada yaşayan İdris Cəfərov Azərbaycanda bir çox telelayihələrin müəllifi olub, tanınmış musiqiçilərlə çalışıb. O, hazırda Şərqi Avropa ölkələrinin bir sıra musiqiçiləri ilə birgə layihələr həyata keçirir.