Bakı. 18 yanvar. REPORT.AZ/ Leonardo Di Kaprio və Bri Larson ABŞ kinotənqidçilərinin Milli Şurasının mükafatına layiq görülüb. "Report" xəbər verir ki, bu, Santa Monika şəhərində (Kaliforniya ştatı) təşkil edilən mərasimdə elan edilib.
L.DiCaprio və B.Larson uyğun olaraq, "Sağ qalmış" (Survivor) və "Otaq" (Room) filmlərindəki rollarına görə mükafatlandırılıb.
Qeyd edək ki, bu nominasiyada qalib olmaq uğrunda eyni zamanda "Qara Mesa" filmindəki oyunu ilə Conni Depp, Mett Deymon (Marslı), Eddi Redmeyn (Danimarkadan olan qız), "Stiv Cons" filmində baş rolu oynayan Maykl Fassbender və "Trombo"dakı çıxışına görə Brayan Krenston mübarizə aparıb.
Xatırladaq ki, "Sağ qalmış" filmi artıq Di Kaprioya "Qızıl qlobus" və "Oskar" mükafatı üçün namizədliyinin irəli sürülməsi kimi uğurlar qazandırmışdı.
Tərkibinə təxminən 300 tənqidçinin daxil olduğu ABŞ kinotənqidçilərinin Milli Şurasının (BFCA) mükafatı hər il təqdim olunur. BFCA, ümumiyyətlə, ABŞ və Kanadanın ən nəhəng kinotənqidçilər assosiasiyasıdır. Burada, adətən, fevralda keçiriləcək "Oskar" mükafatına namizədlərin ilkin yarışması həyata keçirilir.