“Crocus Group”un birinci vitse-prezidenti, müğənni Emin Ağalarov koronavirusa yoluxub və artıq sağalıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, o, bu barədə “Instagram”da opera müğənnisi Yusif Eyvazovla birgə canlı yayımda bildirib.
Müğənni heç vaxt hərarətinin olmadığını və xəstəliyi barədə təsadüfən öyrəndiyini açıqlayıb: “İşə getmək istəyirdim, odekolon vurdum, heç bir qoxu hiss etmədiyimi başa düşdüm. Sonra səhər yeməyinə getdim və bütün yeməklərin dadsız olduğunu anladım. Beləcə test verdim və nəticə müsbət çıxdı”.
Onun sözlərinə görə, evdə qalmalı olduğu iki həftə müğənni üçün həyatında yeni səhifə olub. “Evdən işləməli oldum. Karantində idim. Bu, mənim üçün yeni bir şey idi. İki həftə ərzində evdə tək qaldım. Halbuki həyatımda heç vaxt, bir dəqiqə olsun belə, tək qalmamışdım. Buna görə də 40 ildə ilk dəfə öz-özümlə görüşdüm və bu adamla tanışlıqdan təəccübləndim”, - artist etiraf edib.
Qeyd edək ki, Emin Ağalarov artıq tam sağalıb, onun qanında koronavirus infeksiyasına qarşı antikor aşkarlanıb.