“Bu gün ən xoşbəxt günümüzdür”.
“Report” xəbər verir ki, bunu jurnalistlərə Laçın rayonunun Zabux kəndinin sakini, keçmiş məcburi köçkün Səadət Quliyeva deyib.
“Doğma yurdumuza sevinc hissi ilə qayıdırıq. Bu gün bizim üçün ən xoşbəxt gündür. Çünki doğma kəndimə, el-obama qayıdıram”.
O, qeyd edib ki, yaxın günlərdə övladları da Laçına qayıdacaq:
“Tezliklə oğlum da ailəsi ilə Zabuxa köçəcək. Bu hissi yaşamağı digər keçmiş məcburi köçkünlərə də arzulayıram”.
“Mən Zabuxu iki azyaşlı övladımla, 28 yaşımda tərk etmişdim. Hazırda isə üç övladım var, onların hamısı Zabuxa qayıdacaq”, - S.Quliyeva əlavə edib.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçına keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün Laçın rayonunun Zabux kəndinə daha 25 ailənin köçü başlayıb. Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobupark-3” yaşayış kompleksində daha 103 nəfər kəndə yola salınıb.
Bununla da Zabuxa qayıdan ailələrin sayı 71-ə, sakinlərin sayı isə 291 nəfərə çatıb. Zabux sakinləri üçün doğma kəndlərində dövlətimizin başçısının göstərişi əsasında yenidən tikilən evlərdə bütün lazımi şərait yaradılıb.