Vətən müharibəsində Ağcabədidə ermənilərin dağıtdığı ev bərpa olunub

Vətən müharibəsində Ağcabədidə ermənilərin dağıtdığı ev bərpa olunub Vətən müharibəsi dövründə erməni terrorçuların cəbhəboyu kəndlərdəki dinc əhalini və mülki obyektləri ağır artilleriya qurğularından və raket komplekslərindən atəşə tutması nəticəsində Ağcabədi rayonunda 500-dən çox tikiliyə ziyan dəyib.
Sosial müdafiə
5 Noyabr , 2021 18:38
Vətən müharibəsində Ağcabədidə ermənilərin dağıtdığı ev bərpa olunub

Vətən müharibəsi dövründə erməni terrorçuların cəbhəboyu kəndlərdəki dinc əhalini və mülki obyektləri ağır artilleriya qurğularından və raket komplekslərindən atəşə tutması nəticəsində Ağcabədi rayonunda 500-dən çox tikiliyə ziyan dəyib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, bunlardan 8-i yaşayış evi və 2-si qeyri-yaşayış obyekti tamamilə dağılıb.

Erməni silahlı terrorçuların atdığı mərmilərdən biri rayonun Hindarx qəsəbə sakini Emin Abduləliyevə məxsus fərdi yaşayış evinə düşüb. Bu zaman ev əşyaları ilə birlikdə tamamilə dağılaraq yararsız hala qalıb.

E.Abduləliyev "Report"un yerli bürosuna bildirib ki, erməni terrorçuların təcavüzü nəticəsində tamamilə dağılan evlərinin yerində əvvəlkindən də yaraşıqlı və yüksək keyfiyyətli tikinti materiallarından istifadə edilərək 5 otaqlı ev tikilib, təhvil verilib: "Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinə basqın edən ermənilərin diversiya qruplarına qarşı əks-hücum həmlələri və torpaqlarımızın işğaldan azad olunması uğrunda başladılan Vətən müharibəsində ermənilərin atdığı raketlə evimizin tamamilə dağılmasına baxmayaraq, Ordumuzun hər gün yeni əraziləri işğaldan azad etməsini qürur hissi ilə izləyir və sevinirdik. Hələ müharibə bitməmiş Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan komissiyanın əməkdaşları bizim evə də baxış keçirmişdilər. Müharibə bitəndən sonra dərhal ailəmiz üçün yeni evin tikilməsinə başlanıldı. Biz özümüz də dəyən ziyanların bu qədər operativ aradan qaldırlmasını düşünmürdük. Fikirləşirdik ki, müharibə hələ yeni bitib və Dövlət daha ciddi problemlərlə məşğuldur. İşğaldan azad olunan ərazilərin minalardan və partlamamış hərbi silah-sursatlardan təmizlənməsindən tutmuş həmin ərazilərin bərpası və orada yenidənqurma işlərinin aparılması ilə yanaşı, bizə dəyən ziyan da aradan qaldırıldı. Buna görə də İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya ailəmiz adından təşəkkür edirik. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında həyata keçirilən işlər çərçivəsində ailəmiz üçün 5 otaqlı ev tikildi.
Bundan başqa, evdə məişət əşyalarına dəymiş ziyanla bağlı altı min manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 manat vəsait ödənildi. Belə çətin şəraitdə bizi unutmadıqları üçün çox sağ olsunlar".

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən "Report"un Qarabağ bürosuna verilən məlumata görə, Dövlət başçısının tapşırığına əsasən, qısa zaman ərzində görülmüş işlər nəticəsində 513 tikilinin təmir-bərpası, 8 yaşayış evi və 1 sahibkarlıq obyektinin tikintisi yekunlaşdırılaraq sahiblərinə təhvil verilib: "Hazırda 1 qeyri-yaşayış obyektinin inşası və 5 tikilinin təmir-bərpa işləri davam edir. Ən qısa zamanda Ağcabədi rayonunda işlərin tam yekunlaşdırılması nəzərdə tutulur", - deyə Komitədən bildirilib.

Son xəbərlər

Orphus sistemi