Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyi arasında ikitərəfli əməkdaşlıq daha da genişlənəcək.
"Report" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Türkiyənin ailə və sosial xidmətlər nazirinin müavini Rıdvan Duranın başçılıq etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə bildirilib.
İki Nazirlik arasında ötən ilin iyul ayında imzalanmış əməkdaşlıq haqqında Anlaşma Memorandumunun tətbiqinə dair Fəaliyyət Planı hazırlanacaq.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan və Türkiyə əlaqələrinin dostluq, qardaşlıq və xalqların birliyi amilinə əsaslandığını, iki ölkənin dövlət başçılarının birgə səyləri nəticəsində bu əlaqələrin strateji müttəfiqlik səviyyəsində olduğunu vurğulayıb.
Qardaş Türkiyə ilə digər sahələrdə olduğu kimi, sosial sahədə də əlaqələrin daim genişlənməkdə olduğu, əmək, məşğulluq və sosial müdafiə sahəsində 6 sənəd imzalandığı qeyd edilib. Azərbaycanda son 5 ildə aparılan sosial islahatlar və əldə olunmuş nailiyyətlər barədə məlumat verilib. Sosial islahatlar prosesində Türkiyənin müvafiq təşkilatları ilə fəal əməkdaşlığın həyata keçirildiyi diqqətə çatdırılıb.
Ölkəmizdə himayədar ailə institutunun tətbiqi ilə bağlı Türkiyə təcrübəsinin öyrənilməsinə xüsusi önəm verildiyi və bu istiqamətdə faydalı təcrübə mübadilələri aparıldığı bildirilib. Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi tərəfindən Nazirliyin əməkdaşları üçün “Himayədar ailə xidməti” mövzusunda təşkil olunmuş təlimin əhəmiyyəti qeyd edilib.
R.Duran Azərbaycanda səfərdə olmasından, iki qardaş ölkə arasında əlaqələrin ailə və sosial xidmətlər sahəsini də əhatə etməsindən, bu sahədə uğurlu əməkdaşlıq təcrübəsindən məmnunluğunu ifadə edib.
Görüşdə himayədar ailə sahəsində çalışan işçilərin potensialının artırılması, valideyn himayəsindən məhrum uşaqların müdafiəsi, həssas qruplardan olan ailələrlə bağlı sosial dəstək tədbirlərinin həyata keçirilməsi və s. ilə bağlı gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.