Aynur Sofiyeva: "Son illər nikahdankənar doğulan uşaqların sayında azalmalar müşahidə olunur"

Aynur Sofiyeva: "Son illər nikahdankənar doğulan uşaqların sayında azalmalar müşahidə olunur" Qadının müqavimət göstərməsi üçün onun ali təhsilli olması vacib deyil
Sosial müdafiə
21 Fevral , 2015 09:05
Aynur Sofiyeva: Son illər nikahdankənar doğulan uşaqların sayında azalmalar müşahidə olunur

Bakı. 21 fevral. REPORT.AZ/ "Söhbət erkən nikahlardan dünyaya gələn uşaqlardan gedirsə, bu zaman həmin ailənin rəsmi qeydiyyatdan keçmədiyi məlum məsələdir. Ona görə də nikahdankənar uşaqların dünyaya gəlməsi ilə bağlı statistikanı demək mümkün deyil". "Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva deyib. 

Onun sözlərinə görə, belə ailələrdə təxmini statistikanı doğulan uşaqların sayı ilə müəyyən etmək olar: "Son illərə nəzər yetirsək, Azərbaycanda nikahdankənar doğulan uşaqların sayında azalmalar müşahidə olunur. Bu da həm dövlət tərəfindən görülən işlərin, həm də maarifləndirmə istiqamətində aparılan tədbirlərin nəticəsidir. Təbii ki, biz bununla kifayətlənməməliyik". 

Sədr müavini həmçinin qadın zorakılığına görə ölüm hökmünün yenidən bərpa olunmasına da münasibət bildirib. O qeyd edib ki, uşaqlara, xüsusilə də qadınlara qarşı zorakılıq tətbiq edən insanlara ən yüksək cəza verilməlidir: "Lakin ölüm hökmünün yenidən bərpa olunması müəyyən müzakirələrə səbəb olan məsələdir. Ona görə də bu haqda indidən danışmaq tezdir". 

Bu gün ölkədə hələ də öz hüquqlarını bilməyən qadınların olmasından təəssüflənən Komitə rəsmisi əlavə edib ki, onlar hətta zorakılıq hallarına qarşı da mübarizə apara bilmirlər: "Komitənin əsas fəaliyyəti də odur ki, yerlərdə, eləcə də ucqar rayonlarda bu istiqamətdə iş apararaq qadınların fəallığını artırmaqdır. Çünki qadının müqavimət göstərməsi üçün onun ali təhsilli olması vacib deyil. Əsas olan qadının dünyagörüşüdür. Çünki dünyaya gələn uşağın tərbiyəsi ilə məhz həmin qadın məşğul olur". 

A.Sofiyeva bildirib ki, ailə problemləri bütün dünyada olduğu kimi, Azərbaycanda da mövcuddur: "Təbii ki, ailə varsa, deməli, problem qaçılmazdır. Ona görə də bu məsələ tək mərkəzdən və ya bölgədən asılı deyil. Odur ki, əsas məsələ problemin həllidir. Onu da deyə bilərəm ki, son zamanlar ölkədə qadın zorakılığı hallarında azalma müşahidə olunur. Hətta bölgələrdə də bu rəqəm nəzərəçarpacaq dərəcədə böyük deyil". 

O, həmçinin qeyd edib ki, ana və uşaq ölümü ilə bağlı statistikanın bizə verdiyi rəqəmlər azalmağa doğru gedir: "Əlbəttə ki, bu məsələdə göstərici azalmağa doğru getsə belə, hətta bir fakt belə bizi narahat edir”.

Son xəbərlər

Orphus sistemi