Yuxarı

Səlim Müslümov Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın sədri seçilib

Bu gün Komissiyanın ilk iclası keçirilib

Bakı. 14 oktyabr. REPORT.AZ/ Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın ilk iclası keçirilib. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iclasda sosial tərəfdaşlar olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri iştirak ediblər.

İclasın gündəliyində iki məsələ - Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyaya birinci il üçün sədrin seçilməsi və Komissiyaya sosial tərəfdaşlardan hər birindən 1 nəfər əlaqələndiricinin təyin edilməsi məsələləri əksini tapıb.

Üçtərəfli Komissiyanın tərkibi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının hər birindən 5 nümayəndə təmsil olunmaqla müəyyən edilib. İclasda Komissiya üzvlərinin yekdil səsverməsi əsasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan Respublikası Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın sədri seçilib.

Qeyd edək ki, Nazirlər Kabineti, Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın təsis edilməsi haqqında sentyabrın 30-da birgə qərar imzalanıb.

Ölkəmizdə Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın yaradılması sоsial-iqtisadi inkişafın təmin olunmasında, bir sıra vacib sosial-iqtisadi məsələlərin həllində sosial partnyorların fəaliyyətinin daha sıx formada əlaqələndirilməsinə, işçilərin və işəgötürənlərin hüquqlarının yüksək səviyyədə təmin olunmasında birgə və səmərəli fəaliyyətin qurulmasına, bu sahədə sosial partnyorluğun təkmilləşməsinə xidmət edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi