Şəhidin qardaşı: "Elnuru xatirəmizdə vətənpərvər gənc kimi yaşadırıq"

Şəhidin qardaşı: "Elnuru xatirəmizdə vətənpərvər gənc kimi yaşadırıq" "Elnuru xatirəmizdə vətənpərvər gənc kimi yaşadırıq.
Sosial müdafiə
29 Avqust , 2022 15:55
Şəhidin qardaşı: Elnuru xatirəmizdə vətənpərvər gənc kimi yaşadırıq

"Elnuru xatirəmizdə vətənpərvər gənc kimi yaşadırıq. Çünki şəhidlərimiz və müharibə veteranlarımız 30 ilə yaxın bir müddətdə yurd həsrətilə yaşamağımıza son qoydular".

"Report" xəbər verir ki, bu fikirləri Vətən müharibəsi iştirakçısı, şəhid Elnur Talıbovun qardaşı Şaiq Talıbov deyib.

Onun sözlərinə görə, Vətən müharibəsi şəhidi Elnur Talıbovun heç vaxt dilindən düşməyən bir fikir olub: "O həmişə deyirdi: Müharibə olmalıdır ki, ana-bacılarımızın qisasını alaq… Bu sözlər iki il əvvəl gerçək oldu. O da arzusuna çatdı, biz də".

Ş.Talıbov bildirib ki, Elnuru xatirələrdə vətənpərvər gənc kimi yaşadır: "Canlarını qurban verdilər və üçrəngli bayrağımızı tarixi torpaqlarımızda dalğalandırdılar. Elnuru xatirəmizdə vətənpərvər gənc kimi yaşadırıq. O həm də ətrafında olanlara nümunə olmağı ilə seçilirdi. Həmişə deyirdi ki, Birinci Qarabağ müharibəsində analarımızın, bacı-qardaşlarımızın başına gətirilən müsibətlərin, tökülən qanların qisasını elə qanla almalıyıq".

Xatırladaq ki, şəhidimizin ailəsi dövlət qayğısı ilə əhatə olunub. Lənkəranda kirayədə yaşayan ailəyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhərin mərkəzində yerləşən yeni yaşayış binasında üçotaqlı tam təmirli mənzil verilib.

Qeyd edək ki, Elnur Gəgiş oğlu Talıbov 1996-cı il dekabrın 26-da Lerik rayonunda anadan olub. Sonradan ailəsi ilə birlikdə Lənkəran rayonuna köçüblər.

2015-ci ildə həqiqi hərbi xidmətə yollanan Elnur aprel döyüşlərində də iştirak edib. 44 günlük Vətən müharibəsinə böyük həvəslə yollanan qəhrəmanımız döyüşlərdə böyük şücaət göstərib. Füzuli-Xocavənd istiqamətində gedən döyüşlərin birində başından qəlpə yarası alaraq şəhidlik zirvəsinə ucalıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, ”Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Son xəbərlər

Orphus sistemi