Şəhid ailələri və qazilərə qayğı dövlətin hər zaman diqqətindədir

Şəhid ailələri və qazilərə qayğı dövlətin hər zaman diqqətindədir 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəman hərbçilərin ailə üzvlərinin, müharibədə yaralanaraq əlilliyi müəyyən olunmuş hərbi qulluqçuların sosial ödənişlərlə təminatı istiqamətində müharibədən sonra elə ilk günlərdən müvafiq işlərə başlanılıb.
Sosial müdafiə
20 İyun , 2022 17:48
Şəhid ailələri və qazilərə qayğı dövlətin hər zaman diqqətindədir

44 günlük Vətən müharibəsində şəhid olan qəhrəman hərbçilərin ailə üzvlərinin, müharibədə yaralanaraq əlilliyi müəyyən olunmuş hərbi qulluqçuların sosial ödənişlərlə təminatı istiqamətində müharibədən sonra elə ilk günlərdən müvafiq işlərə başlanılıb.

“Report”un məlumatına görə, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığı əsasında nazirlik tərəfindən şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı icra olunan sosial dəstək paketi çərçivəsində onların sosial ödənişlərlə təminatı da əsas fəaliyyət istiqamətlərindən biridir.

Postmüharibə dövründə şəhid ailələri və qazilərdən ibarət 93 min şəxsə 104 min sosial ödəniş təyin olunub.

Şəhid ailələri üzvlərindən 7 979 nəfərə 15 943, müharibə əlillərindən 2 935 nəfərə 5 870, müharibə veteranlarından 81 856 nəfərə 81 856 sosial ödəniş təyinatı aparılıb.

Şəhid ailələri və müharibə əlillərini xüsusi qayğı ilə əhatə edən dövlət başçısının fərman və sərəncamları ilə həmin kateqoriyadan olanların sosial təminatı mütəmadi gücləndirilib, onlara yönələn sosial ödənişlərin də son 4 ildə ardıcıl şəkildə artırılması təmin edilib.

Postmüharibə dövründə mənzil və avtomobil təminatı ilə bağlı 11,7 min nəfərə 3 714 xidmət göstərilib. Ümumilikdə 3 500 mənzil şəhid ailələri, müharibə əlilləri və həssas təbəqədən olan digər şəxslərə verilib, 214 avtomobil isə müharibə əlillərinə təqdim olunub.

Hazırda Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və müharibə iştirakçılarının aktiv məşğulluq proqramlarına cəlb edilməsi işləri aparılır. Vətən müharibəsindən sonra 12,1 min şəhid ailəsi və qazi aktiv məşğulluq proqramlarına cəlb edilib. Onlardan 7,8 min nəfəri özünüməşğulluq proqramına cəlb olunaraq onlar üçün kiçik ailə təsərrüfatları, kiçik biznes sahələri yaradılıb. Nazirlik tərəfindən 2021-ci ildə başladılan şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədi daşıyan “Məşğulluq marafonu”na artıq 646 işəgötürən qoşularaq 4 538 vakansiya təqdim edib və marafon çərçivəsində artıq 2 366 şəxs işlə təmin olunub. Onlardan 1 973 nəfəri qazi, qalanları şəhid ailələrinin üzvləridir.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq son illər reabilitasiya infrastrukturunun müasir tələblərə uyğun qurulması, yeni müəssisələrin açılması nəticəsində reabilitasiya potensialı 3 dəfə artırılıb. Həmin müəssisələr Vətən müharibəsində yaralanmış qazilərimizin bərpa müalicəsində də xüsusi önəm kəsb edir.

Postmüharibə dövründə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya müəssisələrində 2 954 ailənin 5 000 üzvünə psixoloji dəstək göstərilib, ödənişsiz dərman verilib. Həmçinin reabilitasiya müəssisələrində 2 500-dən artıq qazinin sosial-psixoloji və reabilitasiya xidmətləri ilə təminatı həyata keçirilib. Vətən müharibəsi zamanı xəsarət alaraq aşağı və yuxarı ətrafları amputasiya olunmuş 200 hərbçi, ümumilikdə 300 müharibə əlili yüksək texnologiyalı son nəsil protezlərlə təmin edilib. Eləcə də postmüharibə dövründə 1 419 müharibə əlilinə 19 333 reabilitasiya vasitəsi verilib.

Prezident İlham Əliyevin 25 iyun 2021-ci il tarixli fərmanı ilə yaradılan Vahid Əlaqələndirmə Mərkəzlərində ötən dövrdə şəhid ailəsi üzvləri və müharibə iştirakçılarından ibarət 41 000 nəfərə xidmətlər göstərilib. Bu mərkəzlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və müvafiq yerli icra hakimiyyətləri orqanları daxil olmaqla 50-dən çox qurum üzrə 26 istiqamətdə xidmətlər “bir pəncərə”dən, operativ və şəffaf, vətəndaş məmnunluğu prinsipi əsasında göstərilir.

Şəhid ailələrinin üzvlərinə, Vətən müharibəsində yaralanmış və müalicə bitdikdən sonra əlillik təyin edilmiş hərbi qulluqçulara onların müraciətinə, zəruri sənədləri təqdim etmələrinə ehtiyac olmadan e-sistem üzərindən proaktiv qaydada sosial ödənişlər (Prezidentin aylıq təqaüdü, pensiya və müavinət) təyin olunub.

2021-ci ilin əvvəlindən şəhid ailələri və müharibə əlillərinin, Milli Qəhrəmanların təqaüdləri, 2022-ci ilin əvvəlindən müavinətlər, o cümlədən əlilliyə görə müavinətlər orta hesabla 60% artırılıb.

Vətən Müharibəsi qəhrəmanlarına Prezidentin təqaüdü (2 000 manat), Vətən müharibəsinin veteranlarına Prezidentin təqaüdü (80 manat) təsis olunub.

Ölkə əhalisinin həssas təbəqəsi sayılan müavinat və pensiya alanlar hər zaman hökumətin diqqət mərkəzində olublar. Prezident İlham Əliyevin bu təbəqəyə diqqətinin təzahürüdür ki, Son 4 ildə şəhid ailələri, müharibə əlillərinə təqaüd və müavinətlər orta hesabla 2,5 dəfə, orta aylıq pensiya 70%, yaşa görə orta aylıq pensiya 75% artıb.

Son xəbərlər

Orphus sistemi