"Növbəti 2-3 il ərzində bütün ölkəni DOST mərkəzlərinin xidmətləri ilə əhatə etmək əsas hədəflərdəndir".
"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.
Nazir bildirib ki, bu gün bu xidmətlərlə 50 % əhali təmin edilir: "Mərkəzlərin sayı azdır. Məqsədimiz bütün regionlarda mərkəzlərin sayını artırmaqdır. Mərkəzin xidmətlərindən istifadə edənlərin məmnunluq səviyyəsi də olduqca yüksəkdir. Bu gün DOST modelinin üzərində iş aparılır. Yaxın gələcəkdə DOST konsepsiyası daha yaxşı tanınma əldə edəcək".
S.Babayev əlavə edib ki, DOST konsepsiyası beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir: "DOST Agentliyi 13 beynəlxalq mükafata və sertifikata layiq görülüb, bir çox ölkələr DOST təcrübəsini tətbiq etməyə maraq göstərir. Ümumilikdə, Azərbaycanda son 5 ildə aparılan sosial islahatların uğurları təkcə keçən il və bu ilin ötən dövründə 40-a yaxın beynəlxalq mükafat və sertifikatla təltif edilib".