Qubada Peşələr festivalı başlayıb

Qubada Peşələr festivalı başlayıb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Qubada ölkədə ikinci dəfə keçirilən Peşələr festivalına start verib.
Sosial müdafiə
28 Oktyabr , 2023 15:45
Qubada Peşələr festivalı başlayıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Qubada ölkədə ikinci dəfə keçirilən Peşələr festivalına start verib.

"Report" Şimal bürosu xəbər verir ki, bu dəfə 10 rayon və şəhərdə “Peşəni peşəkardan soruş!” devizi ilə keçiriləcək festivalda iştirakçılar peşələr üzrə hansı bacarıqların tələb olunduğunu öyrənəcəklər. Bununla yanaşı, festival iştirakçıları müxtəlif peşələr üzrə ekspertlərin təqdimatlarını izləyəcək və peşələrlə əyani şəkildə tanış ola biləcəklər.

Festivalda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tariyel İbrahimov, dövlət və özəl qurumların nümayəndələri, yerli ekspertlər, işəgötürənlər, tələbə və gənclər iştirak ediblər.

A.Əliyev çıxışı zamanı ölkədə insan kapitalının inkişaf etdirilməsinin əsas prioritetlərdən biri olduğunu vurğulayıb. Nazir müavini gənclərin peşəyönümü tədbirləri ilə əhatə olunması üçün həyata keçirilən dəstək tədbirlərini qeyd edib.

Həmçinin işsiz və işaxtaran şəxslərin müasir əmək bazarının tələblərinə uyğunlaşdırılması və əmək bazarı barədə məlumatlılığın artırılması məqsədilə görülən işlər diqqətə çatdırılıb. Növbəti Peşələr festivalının da bu hədəfə xidmət etdiyi vurğulanıb.

Bildirilib ki, ötən il 10 şəhər və rayonda 10 peşə üzrə keçirilən festivala 25 mindən çox şəxsin qatıldığı tədbir gənclər arasında böyük marağa səbəb olub.

Digər çıxış edənlər festivalın əhəmiyyətindən bəhs edib, məktəblilərin, tələbələrin, ümumilikdə gənclərin peşələrə marağının artırılmasında, əmək bazarının tələblərinə uyğun peşə seçimində festivalın rolunu yüksək qiymətləndiriblər. Qonaqlar festivalda təqdim olunan peşələrin stendləri ilə tanış olub, ekspertlərlə söhbət ediblər.

Festival çərçivəsində robototexnika, proqram tərtibatçısı, data analitika, aşpaz, barista, aqronom, bərbər, mobil telefonların təmiri ustası, elektrik avadanlıqlarının təmiri, yardım masası, dizayner, qrafik dizayner, geyim üzrə dizayner, fotoqraf/videoqraf peşələri üzrə peşəkar ekspertlər tərəfindən təqdimat və vörkşoplar keçirilib.

Növbəti festival oktyabrın 30-da İsmayıllı rayonunda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi