Ölkə əhalisinin həssas təbəqəsi olan pensiyaçılara dövlət qayğısı ilbəil artır - ARAŞDIRMA

Ölkə əhalisinin həssas təbəqəsi olan pensiyaçılara dövlət qayğısı ilbəil artır - ARAŞDIRMA Əsas problemlərdən biri bankomatların sayının azlığıdır
Sosial müdafiə
16 Mart , 2016 17:15
Ölkə əhalisinin həssas təbəqəsi olan pensiyaçılara dövlət qayğısı ilbəil artır - ARAŞDIRMA

Bakı. 16 mart. REPORT.AZ/ Azərbaycan müstəqillik qazandığı gündən etibarən bütün sahələrdə, eyni zamanda, pensiya sisteminin təkmilləşdirilməsi yolunda bir sıra məqsədyönlü tədbirlər həyata keçirib və bu tədbirlər davam etməkdədir. Hazırda Azərbaycanda 1 milyon 296 min pensiyaçı var. Azərbaycan pensiyaçıları dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub. Bunun nəticəsidir ki, pensiyaların orta aylıq məbləği hər il yüksələn dinamik xətlə artır. Bu il yanvarın 16-da "Prezident İlham Əliyevin imzaladığı "Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında" sərəncamla yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 10 faiz artırılaraq 110 manat müəyyən edilib. Bu sərəncam təxminən 1 milyon 223 min pensiyaçıya şamil olunub. Sərəncamın icrası ilə bağlı Dövlət Sosial Müdafiə Fondu Azərbaycanın Milli Qəhrəmanlarının və şəhidlərin ailə üzvlərinin, əlillərin və digər şəxslərin əmək pensiyalarının baza hissəsinə əlavələr də daxil olmaqla bütün növ əmək pensiyaları üzrə aylıq pensiya məbləğlərinin artırılaraq yenidən hesablanmasını təmin edib.

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev qeyd olunan sərəncamla bağlı keçirdiyi mətbuat konfransında bildirib ki, əmək pensiyalarının baza hissəsinin artımının maliyyələşdirilməsi üçün hər hansı bir problem yoxdur və bu məqsədlərə ilin sonuna kimi təxminən 140 milyon manat əlavə vəsait yönəldiləcək. 

Bütövlükdə Azərbaycanda pensiyaların artım mexanizminin bazar iqtisadiyyatının tələblərinə uyğun şəkildə həyata keçirilməsi mövcud maliyyə imkanlarının pensiyaçılar arasında daha ədalətli bölgüsünə şərait yaradıb. Məcburi dövlət sosial sığortada fərdi uçot sistemi yaradılıb, vətəndaşların pensiya təminatının fərdi uçotun məlumatları əsasında aparılması həyata keçirilib və beləliklə də pensiya təminatında sığorta prinsiplərinə keçid təmin edilib.

Həmçinin qeyd edək ki, artıq bir neçə ildir əmək pensiyalarının plastik kartlarla ödənilməsi sisteminin tətbiq edilməsi pensiyaçılara daha yüksək səviyyədə xidmət göstərilməsini təmin edir. Bunun nəticəsidir ki, pensiyaların əhaliyə çatdırılmasında uzun illərdən bəri mövcud olan problemlər aradan qaldırılıb.

Azərbaycanın müasir əsaslara uyğun sığorta pensiya sistemi iqtisadiyyatdakı əməkhaqqı fondu, bundan formalaşan sosial sığorta haqları və həmin haqlara uyğun təyin olunan pensiyalar həlqəsi qurulub ki, bu şəraitdə Azərbaycanın dövlət iqtisadiyyatının inkişafına uyğun sosial sığortaya cəlb olunan əməkhaqlarının artımı pensiyaların artımını da şərtləndirir. Pensiyaların və fərdi hesablara uyğun sosial kapitallarının inflyasiya nəzərə alınmaqla hər il indeksləşdirilməsi isə sistemin neqativ fiskal təsirlərdən səmərəli şəkildə qorunmasını təmin edir.

Prezident İlham Əliyevin imzaladığı "Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında" 25 yanvar 2016-cı il tarixli sərəncama əsasən, Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2015-ci il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq, bu il yanvarın 1-də bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilib. Son indeksləşməyə əsasən, Azərbaycanda ilk dəfə olaraq istehlak qiymətləri indeksinin illik səviyyəsinə, yəni inflyasiyaya uyğun indeksləşdirmə aparılmağa başlanıb. Bu il əmək pensiyalarının sığorta hissəsinin artırılması prosesi pensiyaçıların 95 faizinə şamil olunub. Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsinə hər ay təqribən 3,24 milyon manat, il ərzində isə 38,9 milyon manat əlavə vəsait yönəldiləcək.

"Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında" qanunda edilən dəyişikliklərə əsasən isə əhaliyə ödənişlər 3 mlrd. 239 mln. manat nəzərdə tutulur ki, bu da təsdiq olunmuş proqnoz göstəricisindən 7,6% və ya 227,8 mln. manat artıqdır.

Milli Məclisin Əmək və sosial siyasət Komitəsinin sədri Hadı Rəcəbli bildirir ki, qlobal böhran beynəlxalq aləmdə, bütün ölkələrin sosial-iqtisadi durumunda özünü bir sıra mənfi tendensiyalarla büruzə verir: "Əlbəttə, ölkənin sosial həyatına, iqtisadiyyatına hiss oluna biləcək qədər təsir göstərən bu amil və onun nəticələri ötən qısa müddət ərzində dövlət başçısı İlham Əliyev tərəfindən nəzarətə götürüldü və sosial müdafiə yönümlü ardıcıl, sistemli tədbirlər həyata keçirilməyə başlandı. Başlıca məqsəd Azərbaycan vətəndaşının sosial müdafiəsinin gücləndirilməsi, əmək tutumlu iş yerlərinin yaradılması, bank-kredit, maliyyə-investisiya sisteminin təkmilləşdirilməsi, hüquqi bazanın bugünkü reallıqlara uyğunlaşdırılması və digərləridir".

Millət vəkilinin sözlərinə görə, ölkənin icmal büdcəsinin, bütöv maliyyə qanunu toplumunun böyük bir hissəsi də DSMF-nin payına düşür: "Məhz bu büdcənin maddələrinə yenidən baxılması daha böyük həssaslıq və diqqət tələb edir. Qeyd olunmalıdır ki, DSMF-nin bu il düzəliş edilmiş büdcəsinin mədaxil və məxaric hissəsi 3 mlrd. 307 mln. 360 min manat təşkil edir. Bu da əvvəl nəzərdə tutulmuş büdcədən 228 mln. 789 min manat çoxdur. Artımın 146 mln. manatı və ya 63.8%-i dövlət büdcəsindən ayırmalar təşkil edir.

DSMF-nin büdcəsinin artım hissəsi özünü əsasən əhaliyə əmək pensiyalarının ödənilməsində, uşaqlarla bağlı müavinətlərdə və əmək qabiliyyətinin müvəqqəti itirilməsi bəndlərində təsbit edib.

Dövlət başçısının daim səsləndirdiyi və sosial siyasət sahəsində çalışan bütün qurumlar üçün prioritet olan yeni iş yerlərinin açılması və işsizliyə qarşı mübarizə problemləri ilə bağlı maddələrdə rəqəmlərin artımı daha çox öz əksini tapıb. Belə ki, devalvasiyaya qədərki büdcədə işsizliyə görə müavinətlərin həcmi 6 mln. manatdan bir qədər çox idisə, hazırkı büdcədə bu rəqəm 2.5 dəfə artırılıb, yəni 15 mln. 270 min manat təşkil edib. Bu da imkan verəcək ki, biz işsiz qala biləcək əhalinin daha böyük hissəsini müavinətlərlə təmin edək".

İqtisadçı-ekspert Nicat Hacızadə bildirir ki, bazar iqtisadiyyatının tələblərinə uyğun gerçəkləşdirilən islahatlar nəticəsində iqtisadi artımla sosial xərclərin artımının balanslaşdırılmasının daimi olaraq diqqət mərkəzində saxlanılması vətəndaşların yaşayış səviyyəsinin yüksəldilməsini təmin edir: "Qeyd etmək lazımdır ki, Azərbaycan hökuməti ölkənin pensiya sisteminin idarə olunmasında əsaslı islahatlar və təkmilləşdirmələr üzərində işlərə 2006-cı ildən etibarən başlayıb.

Azərbaycanda bir çox sahələrdə olduğu kimi, sosial təminat sahəsi olan pensiya istiqamətində də nəzərə çarpacaq islahatlar həyata keçirilib və böyük müsbət dəyişikliklərə nail olunub.

Son 10 ilin statistik göstəricilərinə baxsaq, Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə daxil olan sosial sığorta haqlarının məbləği 6,3 dəfə artıb. Bu artımlar, eləcə də pensiyaçıların sosial müdafiəsinin güclənməsi məqsədilə ayrılan əlavə dövlət dəstəyi hesabına pensiya xərclərinin ölkənin ümum daxili məhsuluna nisbəti əhəmiyyətli şəkildə artıb.

Bütün bunlarla yanaşı, Azərbaycanda uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olmaq məqsədilə milli pensiya sisteminin inkişafında beynəlxalq tendensiyanın nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşması zəruridir".

Bakı şəhər sakini, ikinci qrup əlil Jalə Əliyeva evdar qadındır və heç bir yerdə işləmir. O, Azərbaycandakı pensiya sisteminə münasibət bildirərkən deyib ki, pensiya sistemində daimi inkişaf onu qane edir: "İş yerim olmadığından, xüsusi gəlir yerim yoxdur. Gəlir yeri olmayan, ehtiyacı olan şəxslərə dövlətimizin qayğısı göz qabağındadır, sağ olsunlar, pensiyalarda mütəmadi artım olur, təbii ki, müsbət haldır. Pensiyalar gecikmə olmadan vaxtlı-vaxtında verilir, kart sisteminə keçid isə çox müsbət hal oldu. Artıq hər hansı insandan, məmurdan asılı deyiləm, özüm öz pulumu gedib bankomatdan alıram. Dövlətimizdən də gözləntilərim təbii ki, var. Diqqət daha da artırılsın, müəyyən sahələrdə bizə güzəşt edilsin, çünki ancaq pensiya ilə dolanan adamların dolanışığı çox çətindir. Kommunal və s. xərclərdə əlillərə oluna biləcək güzəştlər bizim durumumuzu daha da yaxşılaşdırar".

Pensiya islahatı konsepsiyası əsas olaraq bir sıra problemlərin həllinə yönəldilib. Vətəndaşların pensiya ödənişlərinin və layiqli həyat səviyyəsinin təmin olunması, pensiya təminatı sistemini bazar iqtisadiyyatı prinsiplərinə uyğunlaşdırmaqla əhalinin rifah halının yaxşılaşdırılmasında rolunun artırılması, pensiya və müavinət ödənişləri üçün nəzərdə tutulan vəsaitin tam yığılması və məqsədyönlü istifadəsinin təmin edilməsi, pensiya sisteminin təkmilləşdirilməsində onun səmərəliliyinin artırılması, sosial sığorta haqqının işəgötürən və işləyənlər tərəfindən ödənilməsi, vətəndaşların minimum yaşayış səviyyəsini təmin edən pensiyaların müəyyən edilməsi, vətəndaşların Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş sosial təminat hüququnun yerinə yetirilməsi, sosial təminat sisteminin idarə olunmasında aşkarlığı təmin etmək məqsədilə ictimai nəzarətin aparılması, mülkiyyət formasından asılı olmayaraq, pensiya təşkilatlarının fəaliyyətinə bərabər şəraitin yaradılması, məcburi dövlət sosial sığorta haqları üzrə işəgötürən və işçilər tərəfindən ödənilən tariflər arasında mütənasibliyin gözlənilməsi sahəsində problemlərin həllinə yönəldilib ki, bu gün Prezident İlham Əliyevin hakimiyyəti dönəmində bütün bunlar öz həllini tapıb.

Prezident İlham Əliyev hakimiyyəti illərində daima əhalinin aztəminatlı hissəsinin maraqlarını qoruyan fərmanlar imzalayıb, vətəndaşların həyat səviyyəsinin qaldırılması istiqamətində səylə çalışıb.

Müşahidələr göstərir ki, bu gün Azərbaycanda pensiyaların maliyyələşdirilməsində problem yoxdur. Müasir əsaslı sığorta-pensiya sistemi vasitəsilə bir tərəfdən əmək fəaliyyəti göstərən 3 milyondan çox vətəndaşın fərdi uçot əsasında bilavasitə öz gələcək pensiya təminatının iştirakçısına çevrilməsi, digər tərəfdən isə sığorta pensiya sistemindəki bir sıra əlavə hüquq və imtiyazların demoqrafik göstəricilərə uyğunlaşdırılması, pensiya hüququ üzrə yaş və staja olan tələbin tənzimlənməsinə dair vaxtında qəbul olunmuş düzgün qərarlar sistemin maliyyə dayanıqlılığı və islahatların davamı üçün əlverişli şərait yaradıb. Üçüncü və ən vacib məsələlərdən biri yoxsulluğun səviyyəsinin azaldılması idi ki, pensiyaların davamlı artırılmasına dair dövlət başçısının qəbul etdiyi ardıcıl və təxirəsalınmaz qərarlar nəticəsində pensiyaların orta aylıq məbləği hazırda pensiyaçılar üçün yoxsulluq həddini 1,7 dəfə üstələyir, halbuki, 2003-cü ildə bu göstərici yoxulluq həddindən 2 dəfə aşağı məbləğlə ifadə olunurdu.

Yeri gəlmişkən, bu sahədə əsas problemlərdən biri bəzi dağlıq rayonlarda, kəndlərdə pensiyaçıların müavinətlərini çıxardıqları bankomat aparatlarının sayının az olmasıdır. Həmin yerlərdə yaşayan əlil, köməyə ehtiyacı olan təqaüdçülər pensiyasını almaq üçün rayon mərkəzinə getməli olur, bunun üçün də təbii ki, nəqliyyat, kömək lazımdır. 

DSMF-dən "Report"a bildirilib ki, Azərbaycanın şəhərlərində və rayon mərkəzlərində əhaliyə pensiya və müavinətlərin plastik kartlarla bankomatlar vasitəsilə ödənilməsi sisteminin qurulması 2004-2006-cı illər ərzində müvəffəqiyyətlə başa çatdırılıb: "Hazırda pensiyaların 100 faizinin ödənişi plastik kartlarla həyata keçirilir. 2009-cu il ərzində kəndlərdə vətəndaşların öz xahişləri əsasında (istənilən bankomatdan alma şərtilə) pensiyaların plastik kartlarla ödənişinin təmin olunması istiqamətində mühüm addımlar atılıb Əmək pensiyalarının mütərəqqi üsullarla ödənilməsi sisteminin daha da genişləndirilməsi daim diqqət mərkəzindədir. Bankomatların sayı banklardan asılıdır. Təbii ki bankomat yerləşdirilən məkanda daimi işıq, rabitə və həmçinin mühafizənin təmin olunması vacibdir".

Aynur Osmanqızı

Yazı Dövlət Sosial Müdafiə Fondunun "Pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi xüsusi diqqət mərkəzindədir" mövzusunda elan etdiyi müsabiqəyə təqdim olunur.

Son xəbərlər

Orphus sistemi