"Azərbaycanda məşğulluq, insan resursları ilə bağlı geniş müzakirələr yaranıb. Yeni çağırışların həlli istiqamətində birgə çıxış yolları müəyyənləşdirməliyik".
“Report” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Gələcəyə qayıdış” devizi ilə keçirilən İnsan Resursları Zirvəsində çıxışı zamanı deyib.
Nazir Azərbaycanın ötən dövrdə böyük inkişaf yolu keçdiyini xatırladıb: "Ölkəmizin iqtisadiyyatı dinamik inkişaf edir, güclü ordusu var, beynəlxalq arenada öz sözünü deyə bilən dövlətə çevrilmişik. Son 5 ildə 4 milyon insanı əhatə edən sosial layihələr həyata keçirilib".
S.Babayev vurğulayıb ki, sosial layihələr üçün dövlət büdcəsindən ayrılan 7 milyard manata yaxın vəsait məşğulluq, sosial və əmək məsələlərinə yönəldilib: "İnzibati idarəçilikdə də dəyişikliklər həyata keçirilib. Qarşıda duran çağırışlar heç də azalmayıb, əksinə artıb. Əhalinin artımı məşğulluğun genişləndirilməsi ilə bağlı qarşıya ciddi tələblər qoyur. Gənclərin məşğulluqla təmin edilməsi üçün özəl və dövlət sektoru tərəfindən işlər görülür".