Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində 3 şəhid ailəsinə və 2 qaziyə mənzillər, Vətən müharibəsinin 10 iştirakçısına isə avtomobillər təqdim olunub.
"Report" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək əlamətdar gündə qəhrəman şəhidlərimizin əziz xatirəsinə ehtiramını bildirib, şəhid ailələrini və qaziləri mənzillər və avtomobillərlə təmin olunmaları, eləcə də bütün şəhid ailələrini, veteranları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramları münasibətilə təbrik edib.
Çıxışlardan sonra Ali Məclisin Sədri mənzillərin orderlərini və avtomobillərin açarlarını təqdim edib. Qazilər və şəhid ailələrinin üzvləri diqqət və qayğıya görə təşəkkür ediblər.
Sonda xatirə şəkli çəkdirilib, avtomobillərə baxış olub. Şəhid ailələrinə və qazilərə verilən mənzillər Culfa, Babək və Naxçıvan şəhərlərindəki yaşayış binalarında yerləşir. Tam təmir olunan mənzillərə mebel dəstləri qoyulub, lazımi məişət şəraiti yaradılıb.