“Uzun illərdən sonra yurda qayıtmaq böyük sevinc hissi bəxş edir”.
“Report” xəbər verir ki, bunu jurnalistlərə Laçın rayonunun Zabux kəndinin sakini, keçmiş məcburi köçkün Azər Rəsulov deyib.
“Torpaqlarımızın işğaldan azad edilməsinin səbəbkarlarından olan şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı arzulayıram. Uca Allahdan Ali Baş Komandanımıza, Prezidentimizə uzun ömür, möhkəm can sağlığı diləyirəm. Qarabağımızın azadlığı onun rəhbərliyi altında reallaşdı”, - Zabux sakini vurğulayıb.
O, qeyd edib ki, sevinc hisslərini sözlə ifadə etmək çətindir: “Bu hissləri ancaq yaşamaq lazımdır. İnşallah gedib doğma yurdumuzu görəcəyik. Artıq 32 ildir, Laçından ayrılmışıq. Uzun illərdən sonra yurduma qayıtmaq böyük sevinc hissi bəxş edir”.
“Mən Zabuxu tək tərk etmişdim. Amma indi ora ailəmlə qayıdıram. Bütün zabuxluları qayıdış münasibətilə təbrik edirəm. Arzu edirəm ki, hər kəs öz yurdunda, ev-eşiyində mehriban, firavan yaşasın”, - Azər Rəsulov deyib.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçına keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün Laçın rayonunun Zabux kəndinə daha 25 ailənin köçü başlayıb. Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobupark-3” yaşayış kompleksində daha 103 nəfər kəndə yola salınıb.
Bununla da Zabuxa qayıdan ailələrin sayı 71-ə, sakinlərin sayı isə 291 nəfərə çatıb. Zabux sakinləri üçün doğma kəndlərində dövlətimizin başçısının göstərişi əsasında yenidən tikilən evlərdə bütün lazımi şərait yaradılıb.