Son vaxtlar qeyri-hökumət təşkilatları (QHT) ilə bağlı islahatların getdikcə dərinləşdirilməsi müşahidə edilir. Artıq sistem xarakterli xeyli dəyişikliklər var. Qarşıda gözlənilən yeniliklərlə əlaqədar suallarımızı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva cavablandırır:
- Ötən həftə - sentyabrın 28-də təmsil etdiyiniz Agentliyin Müşahidə Şurasının iclası keçirilib. Bu iclasda bir sıra qərarlar verilib. İslahatlar nöqteyi-nəzərindən “inqilabi” hesab olunan yeniliklər varmı?
- Əvvəla, onu deyim ki, QHT sektorunda dərinləşdirilən islahatların məntiqi nəticəsi olaraq, budəfəki müsabiqə qaydaları və qrant mövzularının təsnifatlaşdırılması forması tam yeni olacaq, Azərbaycanda milli donor institutunun mövcud olduğu son 15 ildə keçirilmiş heç bir müsabiqələrlə bənzərlik təşkil etməyəcək. İlk dəfədir ki, Agentliyin müsabiqələri Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalar əsasında elan olunacaq. Bu qaydalar təxminən 2 həftə əvvəl artıq təsdiqlənib. Ən böyük yeniliklərdən biri odur ki, bütün müsabiqələr – kiçik, orta və böyük qrant müsabiqələri eyni anda elan olunacaq. İndiyədək qrant müsabiqələri ilin müxtəlif dövrlərində elan olunub, bu isə layihələrin icrasında xeyli çətinliklər, haqlı narazılıqlar yaradırdı. Agentlik ilk dəfə növbəti ilin müsabiqə elanlarını ondan əvvəlki ildə verəcək. Yeni qaydaya görə, müsabiqənin keçirilməsi haqqında elan müsabiqənin başlanılmasına azı 30 gün qalmış verilir. Agentliyin Müşahidə Şurasının ötən həftə keçirilmiş iclasında qərara alındı ki, kiçik, orta və böyük qrant müsabiqələri artıq 2023-cü ilin oktyabr ayının ortalarında elan edilsin. Bu isə o deməkdir ki, noyabrın ortalarında sənədlərin qəbuluna başlanılır, sənəd qəbulu 1 ay davam edəcək. Yəni elanın verilməsindən sonra 1 ay vaxt qalacaq ki, QHT-lər layihə təkliflərini rahat, ətraflı, yüksək keyfiyyətlə işləsinlər, daha sonra 1 ay da əlavə vaxt olacaq ki, layihələr Agentliyə elektron sistem vasitəsilə təqdim edilsin. Bu, layihələrin hazırlanması üçün ümumilikdə 2 ay vaxt deməkdir. İndiyədək QHT-lərə layihə yazmağa hazırlaşmaq və sənədlərini təqdim etmək üçün heç vaxt bu qədər vaxt verilməyib. Agentlik bu unikal fürsəti yaradıb ki, QHT-lərin keyfiyyət üzərində köklənməyə, plan üzrə işlərini səmərəli qurmağa tam şəraitləri olsun. Hər 3 qrant müsabiqəsinin eyni vaxtda elan edilməsi isə o deməkdir ki, QHT-lər müsabiqələrlə bağlı bütün mənzərəni, mövzuları aydın şəkildə görmək imkanı qazansın, seçim imkanları artsın. Əvvəlki dövrdə növbəti müsabiqənin hansı mövzuda olacağı qaranlıq qalırdı, beləliklə, QHT işlərini optimal planlaşdırmaqda, mövzuları seçməkdə çətinlik çəkirdi. Artıq bu problem geridə qalır. Bu vaxta qədər QHT-lər Agentlikdən əsasən 5-20 min manat arası qrantlar alıblar. Bu il qrant məbləğlərinin yuxarı həddi kiçik, orta və böyük qrantlarda müvafiq olaraq, 15, 30 və 50 min manat olacaq. Bu dəstək vətəndaş cəmiyyətinə təşəbbüslərini daha yaxşı reallaşdırmağa, fəaliyyətində əsaslı dəyişikliklər yaratmağa imkan verəcək.
- Sirr deyilsə, 2024-cü ilin qrant mövzularını açıqlaya bilərsinizmi?
- İlk dəfə olaraq QHT-lərə şərait yaradılır ki, onlar milli, ictimai, beynəlxalq əhəmiyyətli istənilən təşəbbüsü layihəyə çevirib müsabiqəyə təqdim etsinlər. Bu sərbəstlik Azərbaycanın vətəndaş cəmiyyətinin daha da inkişafı üçün böyük impuls, təkan deməkdir. Artıq QHT-nin layihə təklifi qismində özünün vacib hesab etdiyi mövzuya müraciət etməsi, innovativ təşəbbüslərlə çıxış etməsi üçün hər hansı çərçivə qalmır. Bu imkanın yaradılması QHT fəlsəfəsinin ruhuna tam uyğundur, inanırıq ki, bu sürpriz QHT-lər tərəfindən çox müsbət qarşılanacaq. Müsabiqə mövzuları ümumilikdə 5 istiqaməti əhatə edəcək:
- Ətraf mühitin qorunması, sağlam və təhlükəsiz həyat, həssas qruplarla iş, sosial-iqtisadi inkişaf - burada ekoloji məsələlərin həllinə kömək, sağlam və təhlükəsiz həyat tərzinin (narkomaniya, tütünçəkmə, yoluxucu xəstəliklər ilə mübarizə, yaşıl nəqliyyatın, “yaşıl düşüncə”nin inkişafı və s.) təşviqinə, həssas əhali qrupları (müharibə veteranları, şəhid ailələri, uşaqlar, qadınlar, ahıllar, əlillər, aztəminatlı ailələr və s.) ilə işə, məişət zorakılığının, məşğulluq probleminin (xüsusilə qadınların məşğulluğunun) və digər sosial-iqtisadi məsələlərin həllinə yönəlmiş təşəbbüslərə üstünlük veriləcək;
- Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi, Cənubi Qafqazda sülh və etimad quruculuğu – burada Qarabağ və Şərqi Zəngəzurun potensialından səmərəli istifadəyə, Böyük Qayıdış nəticəsində doğma yurdlarına dönmüş sakinlərlə iş, Qarabağın erməni sakinlərinin Azərbaycan cəmiyyətinə reinteqrasiya prosesinin sürətləndirilməsinə, dinc birgəyaşayışın təşviqinə, beynəlxalq təşkilatlar üçün alternativ hesabatların hazırlanmasına dair təkliflərə üstünlük verilir;
- İtkin düşmüş, əsir və girov götürülmüş şəxslərin hüquqlarının müdafiəsi, mina və partlamamış hərbi sursatların yaratdığı təhlükə və onunla mübarizə - burada azərbaycanlı itkin, əsir və girovların taleyi ilə əlaqədar təşəbbüslərə, onların ailələri ilə işə, dünyanın müxtəlif ölkələrində bu kateqoriyadan olan şəxslərin hüquq və azadlıqlarının birgə müdafiəsinə dair təkliflərə, işğaldan azad edilmiş ərazilərin mina və PHS-dan təmizlənməsinə dəstək təkliflərinə, bu barədə əhalinin maarifləndirilməsi tədbirlərinə, mina qurbanları, onların ailələri ilə işə, BMT-nin Davamlı İnkişaf Məqsədlərindən biri kimi “minasız dünya”nın müəyyənləşdirilməsi istiqamətində təşəbbüslərə üstünlük veriləcək;
- Qərbi Azərbaycana qayıdış prosesi – burada Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasından irəli gələn məsələlərə dair təşəbbüslərə, xarici QHT-ləri tərəfdaşlığa cəlb etməklə, xarici ölkələrdə beynəlxalq tədbirlərin təşkili təkliflərinə, beynəlxalq qurumlar üçün hesabatların hazırlanması təşəbbüslərinə üstünlük veriləcək;
- Milli, ictimai və beynəlxalq əhəmiyyətli digər təşəbbüslər - burada yuxarıdakı 4 kateqoriya üzrə mövzulardan kənarda qalan, milli, ictimai, beynəlxalq əhəmiyyətli digər bütün təşəbbüslər əhatə edilir. Təhsil, mədəniyyət, vicdan azadlığı, ana dilinin saflığının qorunması, bədən tərbiyəsi sahəsində inkişafa, korrupsiyaya qarşı mübarizəyə, ictimai nəzarətin və iştirakçılığın təşviqinə dair təşəbbüslərə üstünlük veriləcək.
Sonuncu kateqoriya yuxarıda qeyd etdiyim məqamdır. 2024-cü il ərzində ölkəmiz üçün aktual olacaq mövzulardan da göründüyü kimi, ilk dəfədir ki, layihələrin beynəlxalq əməkdaşlıq istiqaməti bu qədər geniş diapazonda götürülüb.
- Hər hansı QHT 5 istiqamətin yalnız 1-i üzrə müsabiqədə iştirak edə bilər?
- Xeyr. QHT-lər hər 5 istiqamət üzrə sərbəst şəkildə istənilən müsabiqə növünə - kiçik, orta və böyük qrant müsabiqələrinə layihələr təqdim edə bilər. Ancaq hər 3 müsabiqə növü üzrə də layihə təklifi uğurlu olarsa, Agentlik onlardan yalnız 1-ni maliyyələşdirə biləcək. Bu məsələ Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalarla tənzimlənir. Doğrudur, mövzu və müsabiqələrə müraciət etmək üçün seçim tam geniş olsa da, tövsiyə edirik ki, QHT fikrini qətiləşdirsin, yaxşı olardı ki, ən çox qalib gəlmək şansı olduğu mövzuya və müsabiqə növünə müraciət etsin. Başqa sözlə, həm kiçik, həm orta, həm də böyük qrant müsabiqəsinə müxtəlif layihələr təqdim etməsinə məhdudiyyət olmasa da, bu layihələrdən yalnız 1-nin maliyyələşdirilməsi perspektivini nəzərə alıb, 1-i üzərində işini qursa, daha keyfiyyətli və şanslı layihə ortaya çıxa bilər. O da diqqətdən qaçırılmamalıdır ki, bu dəfə yaradılan yeni imkanlar nəticəsində müraciətlərin sayında xeyli artım gözlənilir, rəqabət şəraiti də yüksək olacaq.
- Agentliyin layihələrdən əsas gözləntiləri nədir?
- Meyarlar qaydalarda aydın şəkildə göstərilib. Bizim əsas gözləntimiz ölçüləbilən nəticələr, layihələrin davamlılığı, ictimai faydalılığı, əhəmiyyətidir. Oktyabrın ortalarından başlayaraq, müsabiqələrdə iştirak etmək arzusunda olan bütün QHT-lərlə hissə-hissə görüşlər keçiriləcək. Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin nümayəndələrinin, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin rəhbər şəxslərinin iştirakı ilə reallaşdırılacaq bu informasiya sessiyalarında yeni qayda və meyarlardan irəli gələn bütün məsələlər aydınlaşdırılacaq, suallar cavablandırılacaq. Bütün QHT-ləri bu informasiya sessiyalarında iştiraka dəvət edirik. Görüşlərin vaxtı və yeri barədə Agentliyin saytında və sosial media səhifələrində əvvəlcədən məlumat yerləşdiriləcək. Artıq müsabiqələrdə iştirak etmək arzusunda olan QHT-lər müsabiqə mövzuları ilə əlaqədar daxildə ilkin hazırlıq işlərinə (mövzu, müsabiqə seçimi, “brainstorming” və s.) başlaya bilərlər.