Bakı. 5 fevral. REPORT.AZ/ "Azərbaycanda qadınların birləşdiyi, onların hüquqlarını müdafiə edən təşkilatların sayının artması Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin apardığı ardıcıl işin nəticəsidir".
"Report" xəbər verir ki, bunu Dövlət Komitəsinin sədri Hicran Hüseynova qurumun 10 illiyinə həsr olunan tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, komitə fəaliyyətə başladığı dövrdə Azərbaycanda 2-3 qadın təşkilatı fəaliyyət göstərirdi: "Lakin çox qısa müddət ərzində onların sayı 200-ü ötdü. Bu, bizim apardığımız ardıcıl işin nəticəsində mümkün olub. İlk vaxtlar ölkədə qadınlar bələdiyyə sisteminə belə maraq göstərmirdilər. Ancaq son illər bələdiyyə seçkilərində iştirak edən qadınların sayı artıb və bu proses davam edir. Həmçinin qadınlar icra hakimiyyətinə müraciət edə bilmirdilər. Daha çox kişiləri işə götürürdülər. Amma bu gün bütün icra hakimiyyəti başçılarının müavinlərindən biri qadındır. Hətta Abşeron rayon İcra Hakimiyyətinin başçısı xanımdır".
H.Hüseynova vurğulayıb ki, bu gün insanlarla görüşüb, onları dinləmək, problemləri ilə maraqlanmaq lazımdır: "Bəli, bu gün problemlər var. Ancaq bu problemlər Prezident İlham Əliyev və onun komandasının siyasəti nəticəsində həll ediləcək".