Yuxarı

Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaqlar üçün növbəti şənlik təşkil olunub

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva şənlikdə iştirak edib

Bakı. 24 dekabr. REPORT.AZ/ Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaqlar üçün növbəti şənlik təşkil olunub. "Report" xəbər verir ki, şənliyə Bakı şəhərindəki müxtəlif uşaq evlərindən xüsusi qayğıya ehtiyacı olan 200-dək uşaq qatılıb.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva şənlikdə iştirak edib.

Xeyriyyəçiliyi, böyüməkdə olan nəslin hərtərəfli qayğı ilə əhatə olunmasını, müxtəlif humanitar aksiyaları fəaliyyətinin prioritet istiqamətləri kimi müəyyən edən Heydər Əliyev Fondu paytaxtdakı uşaq müəssisələrinin sakinlərinə unudulmaz bir gün yaşadıb. Uşaqların istirahətinin səmərəli təşkili məqsədilə keçirilən aksiyada balacalar müxtəlif maraqlı attraksionlarda əylənib, oyunlarda iştirak ediblər. Oyun avtomatlarının və attraksionların bol olduğu mərkəzdə istədikləri kimi əylənən uşaqlar şənlikdən xüsusi zövq alıb, burada gözəl istirahət edib və əyləniblər.

Balacaların zövqünə uyğun bəzədilən məkanda keçirilən şənlikdə uşaqların ən yaxın dostu olan və həmişə qayğılarına qalan Mehriban Əliyeva da onların əyləncəsinə qoşulub, müxtəlif oyunlarda qazandıqları qələbələri alqışlayıb, sevinclərini bölüşüb.

Heydər Əliyev Fondunun təşkil etdiyi tədbirdə müxtəlif uşaq evlərinin sakinlərinin birgə nahar etmələri onlar üçün həm də bu şənlikdən aldıqları təəssüratları bölüşmək imkanı yaradıb. 

Mehriban Əliyeva uşaqlarla səmimi söhbət edib, onlarla şəkil çəkdirib.

Şənliyin sonunda balacalara Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi