Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi bu dəfə Göygöldə 44 günlük Vətən müharibəsinin daha bir qrup veteranını “Məşğulluğa dəstək layihəsi” çərçivəsində aktivlərlə təmin edib.
Nazirlikdən “Report”a verilən xəbərə görə, həmin şəxslərə seçdikləri fəaliyyət istiqamətləri üzrə lazımi avadanlıqlar verilməklə onlar üçün kiçik bizneslər yaradılıb.
Dünya Bankı ilə əməkdaşlıqda icra edilən, özünüməşğulluq proqramının genişlənməsinə mühüm dəstək olan “Məşğulluğa dəstək layihəsi” üzrə ötən bir həftədə 400-ə yaxın şəxs aktivlər alaraq öz kiçik təsərrüfatlarını qurub. Proqrama cəlb edilən şəxslər ilk olaraq təlimlərə cəlb edilir, daha sonra isə qiymətləndirmədən keçərək aktivlərlə təmin olunurlar. Aktivlərlə təmin olunan şəxslərə sonrakı mərhələdə biznesin idarə edilməsi və inkişafı ilə bağlı məsləhət xidmətləri də göstərilir.