Yuxarı

Elmira Süleymanova ABŞ-ın Azərbaycandakı səfirini qəbul edib

Azərbaycan ombudsmanı fəaliyyəti dövründə müvafiq dövlət qurumlarına 460-dan çox təklif verib, bunların 60 faizi öz həllini tapıb

Bakı. 16 may. REPORT.AZ/ İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanı qəbul edib. Bu barədə "Report"a Ombudsman Aparatından məlumat verilib.

Görüşdə Ombudsman təsisatının çoxşaxəli fəaliyyəti haqqında məlumat verilmiş, dövlət qurumları və vətəndaş cəmiyyəti, QHT-lərlə yanaşı, beynəlxalq təşkilatlarla insan hüquqları sahəsində səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğu diqqətə çatdırılıb, bu qarşılıqlı əlaqələrin gələcəkdə də davam etdiriləcəyi bildirilib.

BMT-nin Beynəlxalq Əlaqələndirmə Komitəsinin (BƏK) “A” statusuna malik olan, Paris Prinsiplərinə uyğun, müstəqil fəaliyyət göstərən Ombudsman təsisatının insan hüquqları ilə bağlı gördüyü işlər səfirin diqqətinə çatdırılıb, habelə Müvəkkilin regional mərkəzlərinin, əhalinin müxtəlif kateqoriyalarının hüquqları üzrə ixtisaslaşmış müşavirlərinin fəaliyyəti barədə ətraflı məlumat verilib.

Müvəkkil dövlət başçısının 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edildiyini söyləyib, uğurla həyata keçirilən bu mühüm sənədin insan hüquqlarının müdafiəsi və təmin olunması üçün böyük imkanlar açdığını və icrası ilə bağlı respublikanın hər bir rayonunda ictimai dinləmələrin keçirildiyi bildirilib.

Fəaliyyət dövrü ərzində Azərbaycan ombudsmanının müvafiq dövlət qurumlarına 460-dan çox təklif verdiyi, bunların 60 faizinin öz həllini tapdığı nəzərə çatdırılıb.

Ombudsman təsisatının səmərəli hüquq mexanizmi kimi fəaliyyət göstərdiyi, Müvəkkilin fəaliyyətində insan hüquqları üzrə maarifləndirmə işinin geniş yer tutduğu, əhalinin müxtəlif qruplarının hüquq düşüncəsi və hüquq mədəniyyətinin inkişaf etdirilməsinə önəm verildiyi, çoxsaylı hüquqi nəşrlərin hazırlandığı, o cümlədən ingilis dilindən çevrilərək çap olunduğu və yayıldığı vurğulanıb.

Ombudsman Milli Preventiv Mexanizm (MPM) qismində müəyyən edildikdən sonra Milli Preventiv Qrupunun (MPQ) yaradıldığını, saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədikləri yerlərə, o cümlədən penitensiar müəssisələrə, müvəqqəti saxlama təcridxanalarına, habelə sosial obyektlərə, ahıllar və əlillər üçün internat evləri və pansionatlara, psixiatriya xəstəxanalarına müntəzəm olaraq başçəkmələr həyata keçirdiyini bildirib.

Qonaq diplomatik missiyasını həyata keçirdiyi qısa müddət ərzində Azərbaycandakı inkişaf proseslərini diqqətlə izlədiyini, Ombudsman təsisatının fəaliyyəti barədə də müəyyən məlumata malik olduğunu diqqətə çatdırıb, ölkədə qadınların inkişafı, cəmiyyət həyatında iştirakı ilə də maraqlandığını söyləyib.

Səfirin maraqlandığı çoxsaylı suallarına cavab olaraq müvəkkil qeyd edib ki, Pekin konfransının tarixi qərarlarından sonra bütün dünyada, o cümlədən ölkədə qadınların inkişafına dair strategiyaların yaradılması istiqamətində mühüm addımlar atılıb. Qadınların rolunun artırılmasına, dövlət qadın siyasətinin gücləndirilməsinə dair proqramlar və digər rəsmi sənədlərin qəbul edilməsinin ölkəmizdə qadınların hüquqlarının müdafiəsində mühüm rol oynadığı bildirilib.

E.Süleymanova vaxtilə Ahılların Resurs Mərkəzini və Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi nəzdində Liderlik Məktəbini yaratdığını, adıçəkilən hər iki qurumun hazırda ombudsmanın resurs mərkəzləri kimi səmərəli fəaliyyət göstərdiyini söyləyib. Ombudsman tərəfindən əhalinin müxtəlif qrupları, həmçinin qadınlar arasında geniş maarifləndirmə işinin aparıldığı önə çəkilib.

Müvəkkil qeyd edib ki, cəmiyyət inkişaf etdikcə qadınların fəallığının daha da artması müşahidə olunur. Bu gün Azərbaycan qadınları parlamentdə, dövlət və yerli özünüidarəetmə orqanlarında çalışır, idarəetmədə və qərar qəbuletmədə fəal iştirak edirlər. E.Süleymanova fəaliyyətində biznes və insan hüquqları, qadın sahibkarlığının inkişaf etdirilməsi məsələlərinin də mühüm yer tutduğunu, təsisatda biznes və insan hüquqları üzrə İşçi qrupunun yaradıldığını, həmin qrupun müntəzəm olaraq toplantılarının keçirildiyini diqqətə çatdırıb. 

Səfir səmimi qəbul, faydalı fikir və məlumat mübadiləsinə görə E.Süleymanovaya təşəkkürünü bildirmişdir. O, diplomatik missiyasının çalışdığı ölkəni daha yaxşı öyrənməkdən, Azərbaycanın daha demokratik inkişaf yolu ilə irəliləməsinə kömək göstərməkdən, hər iki ölkə arasında tərəfdaşlığı daha da möhkəmləndirməkdən, dialoq mühiti yaratmaqdan ibarət olduğunu söyləyib. O, ombudsmanın insan hüquqları sahəsində çoxşaxəli, uğurlu fəaliyyət göstərdiyini vurğulayıb, təsisatla qarşılıqlı əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.

Görüşdə R.Sekutanı səfirliyin siyasi məsələlər üzrə müşaviri xanım Syuzan Çesli müşayiət edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi