Dünyanın bir sıra inkişaf etmiş ölkələrində inşa edilən hündürmərtəbəli binalara xüsusi tələblər irəli sürülür. İşıq, istilik sistemi, su, kanalizasiya, telefon və internet kimi əhəmiyyətli tələblər sırasında həm də əlilliyi olan insanların da problemlərin nəzərə alınması məsələsi durur.
Müasir tipli tikililərdə əlil arabası ilə hərəkət edən şəxs heç bir əlavə kömək olmadan yaşadığı mənzilə qalxıb düşə bilməlidir. Ya da görmə problemi olan insanın liftin xüsusi düymələrinin köməyi ilə öz mərtəbəsinə getmək imkanı olmalıdır.
Azərbaycanda inşa edilən binalarda bu kimi məsələlərə bəzən barmaqarası münasibət göstərilir, inşaatçı şirkət xərcləri azaltmaq üçün məhz bu faktorların üstündən ötür. Bir tərəfdən qanunun müddəaları pozulur, digər tərəfdən isə nə vaxtsa belə tikilidə yaşayacaq fiziki məhdudiyyətli insanlar üçün narahatlıq yaranır.
"Report" “Əlilliyi olan şəxslərin müasir meqapolisdə rahat yaşaması üçün tikintidə nə kimi yenilik olmalıdır” sualını ekspertlərə yönləndirib.
Memar
Memar Söhrab Rəhimov
Onun sözlərinə görə, Azərbaycanda əlilliyi olan şəxslərin hündürmərtəbəli binalarda necə yaşayacağı, hansı çətinliklərlə rastlaşacaqları inşaat sektorunda çalışan şirkətləri sanki maraqlandırmır: "Ancaq bunu bütün inşaat şirkətlərinə şamil etmək doğru olmaz. Burada əsas yük inşaat şirkətinin deyil, layihələndirmə şirkətinin və müəllif nəzarətinin üzərinə düşür. Layihəçi şirkət də, öz növbəsində, yerli normativlərə uyğun hərəkət edir. Qaydalara riayət edilməməsinin səbəbi çoxdur, ən başlıcası biganəlikdir”.
Memarın fikrincə, bu məsələdə maliyyə yox, insan faktoru daha önəmlidir: “Əlilliyi olan şəxslərin bütün ehtiyaclarının nəzərə alınması layihəni bir qədər bahalaşdırsa da, bu göstərici bütün maliyyənin bir faizini aşmaz. Standart yerinə yetirilmədikdə isə bina natamam sayılmalıdır. Təsəvvür edək ki, o binada əlilliyi olan insan yaşamır, ancaq ora hər hansı bir səbəbə görə gələrsə, ciddi çətinlik çəkəcək və ya kiminsə köməyinə ehtiyac duyacaq. Həmin insan kimdənsə asılı olmaq istəmədiyindən bu onda psixoloji travma yarada bilər. Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası bu cür insanların bir binada cəmlənməsi ilə antaqonizm təşkil edir. Dünyada belə bir fikir var ki, çətin olsa da, əlilliyi olan şəxslər təcrid halında yaşamamalıdır. Deməli, hər inşa edilən binada bu qrupların maraqları nəzərə alınmalıdır. Bir çox ölkədə belə insanlar tamhüquqlu və özlərini təmin edə bilən vətəndaşlardır. Onları da xoşbəxt edən amil özlərini cəmiyyətin natamam deyil, tam hissəsi olaraq hiss etmələridir”.
Fərdi inkişaf və əlillik sahəsi üzrə ekspert
Ekspert bir sıra detalların tikintidən öncə düşünülməsinin ümumi işə yaxşı təsir edəcəyini deyib: “Ən başlanğıcda binanın inşası zamanı bunlar nəzərə alınarsa, sonradan nəyisə dəyişərək əlavə xərcin yaranmasının qarşısını almaq olar. Bəzi məqamlarda sırf əlilliyi olan şəxslər üçün xüsusi avadanlığa ehtiyac var, yəni qaldırıcı kranların quraşdırılmasına. Əgər bina inşa edən qurum dövlət qurumu deyilsə,
Ekspert Murad Məmmədov
Murad Məmmədovun fikrincə, ümumi müyəssərliklər, yəni pandus və liftlər, təkcə əlilliyi olan şəxslərə yox, yaşlı və körpə övlada sahib insanlar üçün də əhəmiyyətlidir: “Yaşayiş binasının avtomobil dayanacağında isə bir neçə yeri sırf əlilliyi olan şəxslər üçün ayıraraq ora fərqlənmə nişanı vurmaq, kənar şəxslərin istifadəsini qadağan etmək kifayətdir. Ən çətin görünəni, bir qədər bahalı olanı, liftlərin qalxa bilmədiyi və ya olmadığı yerlərə bir neçə pilləkəni qaldırmaq üçün qaldırıcı kranların, quraşdırılması lazımdır. Eyni zamanda yaşayış binalarında, görmə məhdudiyyətli şəxslər üçün, yerin döşəməsində çıxıntılı naviqatorlar, bənzər xırda əlavələr etməklə, onlar üçün də nisbətən müyəssər şərait yaratmaq mümkündür. Sonradan yarana biləcək əlavə xərclərin aradan qaldırılması üçün tikintinin lap əvvəlində, əlilliyi olan şəxslər və ya aidiyyəti sahədə çalışan qurumlarla əməkdaşlıq mütləqdir. Həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunun 8-ci fəslinin 38.3. maddəsində qeyd olunub ki, əlilliyi olan şəxslər və onları təmsil edən ixtisaslaşmış qeyri-hökumət təşkilatları əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqi prosesində iştirak edə bilərlər”.