Uşaq İnkişaf Mərkəzinin təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) təşkilatçılığı ilə baş tutan konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi, Azərbaycan və Türkiyədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının təmsilçiləri də iştirak edib.
"Report" xəbər verir ki, DİDK-nın şöbə müdiri Vəsilə Vahidqızının moderatorluğu ilə aparılan tədbirdə Diaspor TV-də haqqında sənədli film hazırlanan və İstanbulda yaşayan diaspor fəalı, hər iki ayağını 3 yaşında itirən Vəfa Aktuz sağlamlıq imkanları məhdud uşaqları olan ailələrə, onların üzv olduqları təşkilatların nümayəndələrinə öz tövsiyələrini verib.
Müzakirələr zamanı əlillərin cəmiyyətə adaptasiyası, əlilliyin cəmiyyət üçün əngəl olmaması barədə fikir mübadiləsi aparılıb.
Uşaq İnkişaf Mərkəzinin direktoru Aynur Musayeva eşitmə əngəli olan bir övlad anası kimi apardığı həyat mübarizəsinin çətinliyindən və oğlunun bu gün rəssam kimi əldə etdiyi uğurlardan danışıb.
Konfransda əlilliyin əngəl olmadığını göstərən olduqca maraqlı həyati faktlar dinlənilib, Ailə, Qadın və Uşaq Problemləri üzrə DK-nın nümayəndəsi Zülfiyyə Sadıqova, Hemofiliyalı Xəstələrin Respublika Assosiyasiyasının təmsilçiləri Gülnarə Hüseynova və Ayaz Hüseynov, Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli, Etika Akademiyasının direktoru Günel İbrahim, Akademiyanın direktor müavini Fəridə Əkbərli, jurnalist Raminə Eyvazqızı və digər iştirakçılar fikir mübadiləsi aparıblar.
Qeyd olunub ki, əlilliyi olan uşaqların rifahı naminə aparılan dövlət siyasəti günü- gündən güclənir və uşaqların rifahının yüksəldilməsi Birinci vitse-prezident Mehriban Əliyevanın daim diqqət mərkəzindədir.
Sabiq millət vəkili, Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin həyat yoldaşı Flora Qasımova Türkiyədə reabilitasiya keçən qazilərimizə psixoloji dəstək göstərən Vəfa Aktuzun təqdirəlayiq davranış sərgilədiyini və nümunə olduğunu qeyd edib.
Ayrı-ayrı insanların şəxsi həyat nümunələri konfrans iştirakçılarının marağına səbəb olub və iştirakçılar belə faydalı görüşün təşkilinə görə Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Vəfa Aktuzun həyat mücadiləsi, bütün çətinliklərə təkbaşına qalib gəlməsi “Vətən uzaqda deyil” proqramında işıqlandırılıb və tamaşaçıların böyük marağına səbəb olub. Həmin videomaterialı aşağıdakı linkdən izləmək olar.