Ədliyyə naziri Şəkidə vətəndaşları qəbul edib

Ədliyyə naziri Şəkidə vətəndaşları qəbul edib Fikrət Məmmədov Şəki Məhkəmə Kompleksinə baş çəkib, müvafiq tapşırıqlar verib
Sosial müdafiə
23 Oktyabr , 2015 18:51
Ədliyyə naziri Şəkidə vətəndaşları qəbul edib

Bakı. 23 oktyabr. REPORT.AZ/ Bu gün ədliyyə naziri Fikrət Məmmədov Şəki regional ədliyyə şöbəsində Şəki, Oğuz və Qax rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbuldan əvvəl nazir Fikrət Məmmədov və Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək ulu öndərin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Qəbula yazılış qabaqcadan başlanılıb, həmçinin vətəndaşlar nazirliyin elektron xidmət portalı vasitəsilə elektron qaydada birbaşa yazılmaq imkanından yararlanıblar.

Gün ərzində aparılmış qəbul zamanı ədliyyə və məhkəmə fəaliyyəti, habelə digər müxtəlif məsələlər ilə bağlı müraciət edən hər bir vətəndaş diqqətlə dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə həllini tapıb. Digər müraciətlər üzrə nazirliyin qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Eyni zamanda, ədliyyə və məhkəmə fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərə baxılıb, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.

Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Səfər zamanı ədliyyə naziri respublikamızda məhkəmə infrastrukturunun müasirləşdirilməsi çərçivəsində tikintisi başa çatdırılan Şəki Məhkəmə Kompleksinə baş çəkərək tamamlama işləri ilə tanış olub, müvafiq tapşırıqlar verib.

Həmçinin yerli məhkəmə və ədliyyə orqanlarının fəaliyyəti və iş şəraiti ilə tanışlıq, hakimlər və ədliyyə işçiləri ilə görüş keçirilib.

Nazir dövlət başçısı İlham Əliyevin iştirakı ilə iki gün əvvəl paytaxtda Sabunçu Məhkəmə Kompleksinin müasir binasının istifadəyə verilməsi barədə məlumat verərək bildirib ki, “bir qapı” prinsipi ilə fəaliyyət göstərəcək Sabunçu və Şəki Məhkəmə kompleksləri vətəndaşların müraciət imkanlarının daha da asanlaşdırılmasına, onlara yüksək keyfiyyətli xidmətlərin göstərilməsinə, ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinə xidmət edəcək. Müasir standartlar səviyyəsində inşa olunaraq istifadəyə verilən bu komplekslərin xidmətlərindən həm paytaxt, həm də Şəki rayonunun və bölgənin sakinləri yararlanacaqlar.

İclasda Azərbaycan Prezidentinin vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, insanlara layiqli xidmət göstərilməsi, etik davranış qaydalarına ciddi riayət olunması, korrupsiyaya şərait yaradan hallara yol verilməməsi ilə bağlı tələbləri diqqətə çatdırılaraq aidiyyəti tövsiyə və tapşırıqlar verilib.

Son xəbərlər

Orphus sistemi