DƏMX rəisi: “Əmək qanunvericiliyinə əməl edilməsində işəgötürənlərlə sosial dialoqa üstünlük verilir” - MÜSAHİBƏ

DƏMX rəisi: “Əmək qanunvericiliyinə əməl edilməsində işəgötürənlərlə sosial dialoqa üstünlük verilir” - MÜSAHİBƏ “Bizim üçün əsas prioritet əmək qanunvericiliyinə əməl olunmasına nəzarət prosesində ilk növbədə işəgötürənlərlə sosial dialoqa, maarifləndirməyə üstünlük verilməsidir”.
Sosial müdafiə
14 Mart , 2023 12:45
DƏMX rəisi: “Əmək qanunvericiliyinə əməl edilməsində işəgötürənlərlə sosial dialoqa üstünlük verilir” - MÜSAHİBƏ

“Bizim üçün əsas prioritet əmək qanunvericiliyinə əməl olunmasına nəzarət prosesində ilk növbədə işəgötürənlərlə sosial dialoqa, maarifləndirməyə üstünlük verilməsidir”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev “Report”a müsahibəsində bildirib.

Beləliklə, Xidmət rəisinin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi sahəsində görülən işlər, əmək müfəttişliyi sisteminin təkmilləşdirilməsi istiqamətində aparılan islahatlar, tətbiq olunan innovativ yeniliklər barədə “Report”a müsahibəsini təqdim edirik:

- Vəli müəllim, bu ilin əvvəlindən yeni sosial islahat paketi çərçivəsində əməkhaqlarında növbəti artımlar edildi. Bu islahatların əmək bazarına, əmək münasibətləri sahəsinə təsiri və minimum əməkhaqqı artımı ilə bağlı əmək müqavilələrində müvafiq dəyişiklik edilməsinə nəzarət prosesi barədə fikirlərinizi bilmək istərdik.

- Aparılan və xüsusilə son illər ardıcıl və geniş miqyas alan sosial islahatlar Azərbaycan dövlətinin sosial dövlət olaraq hər zaman öz vətəndaşının yanında olduğunu və vətəndaş rifahının təminatının, əhalinin sosial müdafiəsinin gücləndirilməsinin Prezident İlham Əliyevin siyasətinin mərkəzində dayandığını bir daha təsdiq edir. Dövlət başçısının qeyd etdiyi kimi, “Azərbaycan sosial dövlətdir və biz bunu sözlə yox, əməlimizlə təsdiqləyirik”.

Son beş ildə 4 sosial islahat paketi icra olunub və əvvəlki 3 islahat paketi 4 milyon insanı əhatə edərək, həmin islahatlar üçün əlavə olaraq illik 6 milyard manat ayrılmışdı, bu ilin əvvəlindən yeni, dördüncü sosial islahat paketi də 1,9 milyon insanı əhatə etdi və onlara yönələn əməkhaqlarının, müavinət və təqaüdlərin artırılması üçün də əlavə olaraq illik 750 milyon manat ayrılıb. Beləliklə, bu islahatlar nəticəsində son beş ildə sosial ödənişlərdə ciddi artımlara, o cümlədən minimum əməkhaqqında 2,7 dəfə, orta aylıq əməkhaqqında 55 faiz, minimum pensiyada 2,5 dəfə, orta aylıq pensiya və median əməkhaqqında iki dəfə, əməkhaqqı fondunda 2,5 dəfə artıma nail olunub.

İcra olunan hər bir islahat paketinin bir istiqaməti olaraq əməkhaqlarında artımlar edilir. Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlarla bu ilin əvvəlindən icra olunan növbəti sosial islahat paketi çərçivəsində də həm minimum aylıq əməkhaqqının 1 yanvar 2023-cü ildən 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılması, həm də dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışanların aylıq vəzifə maaşlarının 2023-cü il yanvarın 1-dən orta hesabla 15 faiz artırılması təmin edildi. Minimum əməkhaqqı artımı 19 pilləli vahid tarif cədvəlinin bütün pillələri üzrə əməkhaqlarında da artıma səbəb oldu.

Bütün bu əməkhaqqı artımları təbii ki, işləyən əhalinin gəlirlərinin artımına, onların sosial rifahının yaxşılaşmasına xidmət edir. Eyni zamanda ardıcıl xarakter alan əməkhaqqı artımları sosial rifahda başlıca amil olan məşğulluğun stimullaşdırılmasını təmir edir, işçi qüvvəsinin rəqabət qabiliyyətinin güclənməsinə, iqtisadi fəallığın yüksəldilməsinə, digər tərəfdən qeyri-leqal məşğulluğun leqallaşmasına stimullaşdırıcı təsir göstərir.

Ümumilikdə əməkhaqqı artımları, özəl sektorda vergi-sığorta güzəştlərinin tətbiqi və s. həmçinin, nəzarət tədbirlərinin gücləndirilməsi, işəgötürənlərlə nəticə yönümlü fəaliyyətin, onlarla ardıcıl məlumatlandırma işlərinin müsbət nəticəsi kimi son beş ildə əmək münasibətlərinin leqallaşdırılması istiqamətində mühüm irəliləyişlərə, son beş ildə əmək müqavilələrinin sayında 37 faiz artıma nail olunub. Təkcə ötən il əmək müqavilələrinin sayı 62 min, əməkhaqqı fondu 21 faiz artıb.

Vəli Quliyev
Vəli Quliyev

Dövlət Əmək Müfəttişliyi Xidməti olaraq minimum əməkhaqqı artımı ilə bağlı əmək müqavilələrində müvafiq dəyişiklik edilməsinə son illərin sosial sahədə mühüm innovativ nailiyyətlərindən olan “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) üzərindən daimi nəzarət həyata keçiririk. Bağlanmış əmək müqavilələri, eləcə də müqavilələrə dəyişiklik edilməsi və ya xitam verilməsi barədə bütün məlumatlar ƏMAS-da əksini tapır. Bu altsistem iş yerlərində bağlanmış əmək müqavilələri üzrə müəyyən edilmiş bütün əməkhaqları üzrə məlumatları real vaxt rejimində izləməyə imkan verir.

Aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqı 2023-cü il yanvarın 1-dən 345 manatdan aşağı ola bilməz. Minimum aylıq əməkhaqqı artımından sonra bununla bağlı işəgötürənlərə müraciət edildi ki, 2023-cü il yanvarın 1-ə qədər minimum əməkhaqqından aşağı əməkhaqqı qeyd edilmiş əmək müqavilələrinə qanunvericiliyin tələblərinə uyğun olaraq dəyişiklik edilməsi və bununla bağlı müvafiq əmək müqaviləsi bildirişinin “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsi təmin edilsin. Həmçinin bildirildi ki, İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsinə əsasən işçiyə minimum aylıq əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsi inzibati məsuliyyətə səbəb olur.

Qeyd etdiyim kimi, e-sistem üzərindən bu istiqamətdə daimi nəzarət həyata keçirilir. Ümumilikdə, Xidmət tərəfindən işəgötürənlərə ƏMAS vasitəsilə mütəmadi olaraq müvafiq istiqamətlərdə xəbərdarlıqların yerləşdirilməsi, sms bildirişlərin, məktubların göndərilməsi həyata keçirilir. Bununla yanaşı, ƏMAS-ın özü də əmək müqaviləsi bildirişləri daxil edilən zaman əsas iş yeri və tam iş vaxtı rejimi üzrə işləyən işçilərin əməkhaqlarının 345 manatdan aşağı daxil edilməsinə məhdudiyyətlər tətbiq edir.

- Bəs əmək qanunvericiliyə əməl etməyənlərə qarşı nə tədbirlər görülür?

- Ümumiyyətlə, əmək qanunvericiliyindən irəli gələn digər tələblərin pozulması İnzibati Xətalar Məcəlləsi ilə inzibati məsuliyyətə səbəb olur. Belə faktlar da təbii ki, inzibati məsuliyyətə cəlb etmə tədbirlərini zəruri edir. Lakin bununla belə, bizim üçün əsas prioritet əmək qanunvericiliyinə əməl olunmasına nəzarət prosesində ilk növbədə işəgötürənlərlə sosial dialoqa, maarifləndirməyə üstünlük verilməsidir. Xidmət mütəmadi olaraq işəgötürənlər üçün maarifləndirmə tədbirləri, təlimlər həyata keçirir. Nümunə olaraq bildirim ki, işəgötürənlərin maarifləndirilməsi məqsədilə ötən il 50 maarifləndirici onlayn tədbir keçirilib, bu tədbirlərdə 4 000 işəgötürən iştirak edib.

Həmin tədbirləri dövlət qurumları - Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), habelə sosial tərəfdaşlarımız olan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Sahibkarlar Konfederasiyası və digər qurumlarla birgə keçiririk, onların nümayəndələri də həmin tədbirlərdə iştirak edib. Bu il isə işəgötürənlərlə həm də offlayn formatda maarifləndirici tədbirlərin keçirilməsinə də başlanılacaq. Eyni zamanda ötən il Xidmət ilə Elm və Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsi çərçivəsində 43 ümumtəhsil müəssisəsində 1 800-ə yaxın şagirdə "Uşaqların əmək hüququ" mövzusunda əyani təlimlər də keçirilib.

Həmçinin ƏMAS, KİV və sosial şəbəkələr vasitəsilə maarifləndirmə və məlumatlandırma işi aparılır. Sosial şəbəkələr vasitəsilə vətəndaşlardan ən çox daxil olan sorğuların əməkdaşlarımız tərəfindən videoformatda cavablandırılması məqsədi ilə "Onlayn Müfəttiş" layihəsinə ötən il start verdik. Layihə hazırda da davam edir. Digər tərəfdən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial şəbəkə səhifəsindəki “Sosial saat” verilişlərində də əmək qanunvericiliyi barədə mütəmadi məlumatlandırma işləri aparılır. Yəni, əsas məqsəd işəgötürənlərin ətraflı maarifləndirilməsi, qabaqlayıcı tədbirlərlə iş yerlərində əmək qanunvericiliyinin pozulması halının baş verməməsidir. Digər tərəfdən, əmək münasibətləri sahəsində qanun pozuntuları aşkar edildikdə də ilk mərhələdə işəgötürənlərə həmin qanun pozuntusunun aradan qaldırılması üçün icrası məcburi göstərişlər verilir, onlara qanunvericiliyin tələbləri izah edilir.

- Dövlət Əmək Müfəttişliyi Xidmətinin ötən ilki fəaliyyətinin nəticələri barədə məlumat verərdiniz. İşçilərin əmək hüquqlarının qorunması istiqamətində son bir ildə hansı işlər görülüb?

- “Əmək və Məşğulluq” üzərindən əmək münasibətlərinə gündəlik nəzarət həyata keçirilməklə, Xidmətə daxil olmuş bütün müraciətlərin araşdırılaraq qanunvericiliyə uyğun cavablandırılması, həmçinin müraciətlərin araşdırılması zamanı aşkar edilən hüquq pozuntularının aradan qaldırılması üçün tədbirlər görülməsi təmin edilib. Vətəndaş müraciətləri daha çox, emal, tikinti, topdan və pərakəndə ticarət, avtomobillərin təmiri, ictimai iaşə və digər sahələrdə əmək münasibətlərinə aid olub. Müraciətlərdə əsasən əmək haqlarının ödənilməməsi və ya gecikdirilməsi, işçilərin məzuniyyət hüquqlarının pozulması, əmək müqaviləsinin şərtlərinin yerinə yetirilməməsi və s. məsələlər əksini tapıb.

Bu müraciətlərin araşdırılması zamanı işəgötürənlər tərəfindən 628 min manatdan çox sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyi müəyyən edilib. Görülən tədbirlər nəticəsində həmin vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib. Həmin vəsaitin 95 faizi əmək haqlarından, qalan hissəsi zərərə görə ödənclərdən, işəgötürənlər tərəfindən ödənilməli olan müavinət və kompensasiyalardan ibarət olub. Eyni zamanda, ötən il 104 işçi ilə əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyi də müəyyən olunub və həmin işçilərin əvvəlki iş yerlərinə bərpası təmin edilib. Bütün bu hallarla bağlı müvafiq işəgötürənlərə qanunvericiliyin tələbləri izah olunub, onlar əmək qanunvericiliyinin aidiyyəti tələbləri barədə məlumatlandırılıb.

“Əmək və Məşğulluq” altsistemindən istifadə ilə bağlı işəgötürənlərə müvafiq texniki yardımların göstərilməsi, işəgötürənlərin sorğu xarakterli müraciətlərinin cavablandırılması, əmək qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı sıra normativ-hüquqi aktların layihələrinin hazırlanması istiqamətində təkliflərin verilməsi, beynəlxalq sahədə əməkdaşlığın genişləndirilməsi və bu əməkdaşlıq müstəvisində təcrübə mübadilələrinin aparılması və əmək müfəttişliyi sahəsində qabaqcıl dünya təcrübələrinin öyrənilməsi və s. istiqamətlərdə işlər aparılıb.

“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunun icrasına, işçilərin işəgötürənlər tərəfindən bu icbari sığorta sistemi ilə əhatə olunmasına dövlət nəzarətinin həyata keçirilməsi, işəgötürənlər arasında əmək qanunvericiliyinə dair maarifləndirmə işləri də davam etdirilib.

- Son illər əmək müfəttişliyi sistemində də ardıcıl islahatlar aparılır. Bu islahatlar, əsas hədəflər barədə məlumat verərdiniz...

- Sosial sahənin bütün seqmentlərində olduğu kimi, əmək müfəttişliyi sistemində də innovativ həllərin tətbiqinə əsaslanan və bu sistemin qabaqcıl dünya təcrübəsinə uyğun təkmilləşməsinə yönələn islahatlar aparılır. Bildiyiniz kimi, sosial sahədə geniş elektronlaşma proqramı icra olunur. Dövlət sosial xidmətləri sahəsində e-texnologiyaların geniş tətbiqi sahəsində də son illər mühüm nailiyyətlər əldə edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 153 xidmətindən 140-dan çoxu artıq elektronlaşdırılıb və hazırda nazirlik üzrə elektronlaşma səviyyəsi 90 faizdən yüksəkdir. Eyni zamanda elektronlaşma proqramı əmək münasibətləri sistemini də əhatə edir.

Bunun bir nümunəsi də ötən ilin may ayında istifadəyə verilən ƏMAS-dır. Qeyd olunan altsistem vahid əmək münasibətləri platformasıdır. Bu altsistem vasitəsilə əmək münasibətləri zamanı kağız üzərində aparılan bütün əməliyyatların elektron müstəviyə keçidi, həmçinin əmək müqavilələrinin kağız üzərində deyil, e-qaydada bağlanması, rəqəmsal kadr uçotuna keçilməsi təmin olunur. Ümumilikdə əmək münasibətləri sahəsində şəffaflığı təmin edir və bu istiqamətdə nəzarətin çevik və effektiv, daha səmərəli həyata keçirilməsinə imkan yaradır. ƏMAS-ın funksionallığının artırılması istiqamətində də işlər aparılır.

Həmçinin müvafiq informasiya sistemi ilə ƏMAS-ın inteqrasiyası nəticəsində icbari sığorta müqaviləsi bağlamayan işəgötürənlər e-sistem üzərindən dərhal müəyyən olunur və həmin sistem vasitəsi ilə onlara müvafiq xəbərdarlıq edilir. Həmçinin, qeyri-rəsmi məşğulluğun aşkar edilərək aradan qaldırılması, əmək normalarına əməl edilməsində əmək müfəttişliyinin rolunun daha da artırılması, bu sahədə kadr potensialının bilik və peşəkarlıq səviyyəsinin yüksəldilməsi, sosial dialoq müstəvisində əmək bazarı iştirakçılarında əmək qanunvericiliyinin tətbiqi barədə maarifləndirmənin aparılması, onlara bu sahədə metodiki dəstəyin verilməsi və s. fəaliyyətimizdə daimi prioritetlərdir.

- İşçilər əmək hüquqları pozulduğu halda, məsələn, minimum əmək haqqından az əmək haqqı aldığı halda və ya öz hüquqları barədə hansısa məsələni aydınlaşdırmaq üçün Dövlət Əmək Müfəttişliyi Xidmətinə hansı üsuldan istifadə etməklə müraciət edə bilərlər?

- Vətəndaşlar pozulan əmək hüquqları, həmçinin əmək qanunvericiliyinin tələbləri ilə bağlı məlumat əldə etmək məqsədilə müraciət etmək üçün Dövlət Əmək Müfəttişliyi Xidmətinə elektron qaydada ([email protected]), sosial şəbəkələr vasitəsilə (Facebook, İnsagram, Telegram, Linkedİn, You tube, Tik-tok, Tvitter), poçtla (Bakı şəhəri, Cəfər Cabbarlı küçəsi 37), Votsapla (010 5255545), yaxud Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - Çağrı Mərkəzinə, Xidmətin Məlumat Mərkəzinə (0125255545) və istənilən DOST Mərkəzinə müraciət edə bilərlər.

- İşçi və işəgötürənlərə hansı tövsiyələrinizi çatdırmaq istərdiniz?

- Xidmətə daxil olan sorğular əsasında sahibkarların və işçilərin əmək qanunvericiliyi sahəsində biliklərinin, məlumatlılıq səviyyəsinin az olmasını müşahidə edirik. Bəzən hətta hər hansı qanun pozuntusu aşkarlandıqda işəgötürənlər bunu əmək qanunvericiliyi və onun tətbiqi, qanunvericiliyin tələbləri barədə məlumatsız olmaları ilə əsaslandırırlar. Ona görə də işəgötürənlərə ƏMAS-da yerləşdirilən məlumat və xəbərdarlıqlar, tövsiyə və bildirişlərlə daim tanış olmağı və onları diqqətdə saxlamağı, bu əsasda da qanunvericiliyin tələblərinin yerinə yetirilməsini tövsiyə edirəm. İşəgötürənlər mütəmadi olaraq rəhbərləri olduqları qurumu, şirkəti özləri də monitorinq etməli, yoxlamalı, qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını nəzarətdə saxlamalıdırlar.

Həmçinin hər iki tərəfə, yəni həm işəgötürənlərə, həm də işçilərə əmək qanunvericiliyi barədə məlumatlı olmalarını, Nazirlik və Xidmətin rəsmi sayt və sosial şəbəkə hesablarını izləyərək mütəmadi yeniliklərlə tanış olmalarını tövsiyə edirəm. Xüsusilə də hər bir işçiyə qeyri-leqal məşğulluqdan uzaq olmasını və işəgötürənlərə də hər bir işçi ilə əmək münasibətlərini rəsmiləşdirilmiş qaydada həyata keçirmələrini tövsiyə etmək istəyirəm. Çünki qeyri-leqal məşğulluq işçiləri əmək və sosial müdafiə hüquqlarından məhrum edir, onların gələcək sosial təminatına heç bir əsas, imkan yaratmır.

Son xəbərlər

Orphus sistemi