Cəlilabadda özünüməşğulluq proqramı çərçivəsində verilən heyvanlar xəstə olub?

Cəlilabadda özünüməşğulluq proqramı çərçivəsində verilən heyvanlar xəstə olub? Cəlilabad rayon sakini Mübariz Əliyev özünüməşğulluq proqramı çərçivəsində təhvil aldğı heyvanların sağlamlıq durumundan narazıdır.
Sosial müdafiə
13 Mart , 2023 12:37
Cəlilabadda özünüməşğulluq proqramı çərçivəsində verilən heyvanlar xəstə olub?

Cəlilabad rayon sakini Mübariz Əliyev özünüməşğulluq proqramı çərçivəsində təhvil aldğı heyvanların sağlamlıq durumundan narazıdır.

Bu barədə "Report"un Muğan bürosuna M.Əliyev bildirib.

O deyib ki, özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlarını yaratması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinə müraciət edib və müraciəti əsasında ona heyvanlar verilib.

Amma buna baxmayaraq, o, sağlam və cavan kimi təqdim edilən heyvanların vəziyyətindən narazı olduğunu söyləyib: "İstəyimə uyğun olaraq özünüməşğulluq proqramına cəlb olundum və mənə ötən ilin oktyabr ayında 22 baş keçi verildi. Lakin mənə verilən heyvanların vəziyyətindən narazıyam. Keçilər mənə veriləndən təxminən 1 ay sonra tələf olmağa başladı. Bu heyvanlarla təsərrüfat qura bilmərəm. Çünki keçilərin 12-si xəstədir, 10-u isə artıq ölüb".

Məsələ ilə bağlı Dövlət Məşğulluq Agentliyindən "Report"un yerli bürosuna bildirilib ki, rayon sakini Əliyev Mübariz Allahverdi oğlu öz istəyi əsasında özünüməşğulluq proqramına cəlb edilib və 14 oktyabr 2022-ci il tarixində seçimi əsasında keçiçilik təsərrüfatı zərfi üzrə aktivlərlə təmin edilib.

Aktivlər təqdim edildikdən sonra vətəndaş yenidən məşğulluq filialına müraciət edərək ona təqdim edilən aktivlərin yenisi ilə əvəz edilməsini istəyib.

Bildirilib ki, M.Əliyevə "Məşğulluq" haqqında Qanuna uyğun olaraq təhvil alınan əmlakda hər hansı qüsur aşkar olunduğu halda bu barədə məlumatın müqavilə imzalandıqdan ən geci 30 gün ərzində qüsurları təsdiq edən sənədlərlə Filiala təqdim etməyi tövsiyə olunub: "Lakin vətəndaşın təqdim etdiyi sənədlər 30 günü keçdiyindən aktivlərin dəyişdirilməsi mümkün olmayıb. Qeyd edək ki, proqram çərçivəsində vətəndaşlara təqdim edilən heyvanların yararsız olması ilə bağlı iddia həqiqəti əks etdirmir. Özünməşğulluq proqramına cəlb olunan vətəndaşlara heyvanlar təqdim olunmazdan əvvəl mütləq şəkildə müvafiq yoxlamalardan keçirilir. Fermalarda heyvanlara Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən kliniki baxış keçirilir və daha sonra heyvanlar karantinə alınırlar. Karantin müddəti bitdikdən sonra Qida Təhlükəsizliyi Agentliyi tərəfindən akt təqdim edildiyi təqdirdə heyvanların ölkə üzrə paylanışı həyata keçirilir. Paylanış zamanı isə heyvanların kəmiyyət və keyfiyyət baxımından istifadəyə yararlı olması ilə bağlı akt da tərtib olunur".

Son xəbərlər

Orphus sistemi