Bu il 70 min manatdan çox gecikdirilən sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib

Bu il 70 min manatdan çox gecikdirilən sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib Həmin məbləğin 93,6 faizini əmək haqları təşkil edib
Sosial müdafiə
11 İyul , 2017 10:43
Bu il 70 min manatdan çox gecikdirilən sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi / Report

Bakı. 11 iyul. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin həyata keçirdiyi tədbirlər nəticəsində bu ilin yanvar-iyun aylarında 70 828 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin olunub.

Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, həmin məbləğin 93,6 faizini əmək haqları, 4,8 faizini işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar, qalan hissəsini isə zərərə görə ödənclər təşkil edib. Ayrı-ayrı vətəndaşların işdən qeyri-qanunu azad edilmələri barədə müraciətləri də diqqətlə araşdırılıb və qanunvericiliyin tələblərinə zidd şəkildə işdən azad edildikləri müəyyən olunan şəxslərin əmək hüquqlarının müdafiəsi təmin edilərək onlar yenidən əvvəlki işlərinə bərpa etdiriliblər. Qeyd olunan tədbirlər çərçivəsində Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları həmçinin aidiyyəti işəgötürənləri əmək haqqı və digər sosial xarakterli ödənişlərin işçilərə vaxtlı-vaxtında ödənilməsi ilə bağlı əmək qanunvericiliyinin aidiyyəti maddələri, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin hüquqi əsasları barədə ətraflı məlumatlandırıblar.

Bu ilin ötən dövründə xidmət tərəfindən ölkənin ayrı-ayrı orta ümumtəhsil məktəblərində maarifləndirmə tədbirləri də təşkil olunub. Tədbirlərdə əmək münasibətləri sahəsində uşaq hüquqları, uşaq əməyinin istismarı və məcburi əməyə cəlbetmə hallarına qarşı mübarizə, yaşı 18-dən az olan şəxslərlə əmək münasibətlərinə dair qanunvericilikdə əksini tapan müddəlar barədə geniş məlumatlar verilib.

Son xəbərlər

Orphus sistemi