Yuxarı
    Bağlamaq

    ​Bu il 112 min ailənin 490 min üzvünə ünvanlı dövlət sosial yardımı verilib

    Bu istiqamətdə 248 milyon manat vəsait xərclənib

    Bakı. 14 İyul. REPORT.AZ/ "Cari ilin ilk 6 ayı ərzində sosial öhdəliklər vaxtında və tam yerinə yetirilib, işsizliyin və yoxsulluğun azaldılması, əlillərin və şəhid ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması, əhalinin real gəlirlərinin və sosial ödənişlərin artırılması üçün bir sıra tədbirlər həyata keçirilib".

    "Report" xəbər verir ki, bunu iyulun 13-də Nazirlər Kabinetinin prezident İlham Əliyevin sədrliyi ilə keçirilən 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

    Nazir bildirib ki, ötən 6 ay ərzində respublika üzrə orta hesabla 112 min ailənin 490 min üzvünə, yəni, ölkə əhalisinin 5 faizinə ünvanlı dövlət sosial yardımı verilib ki, bu da əvvəlki ilə nisbətən 20 faiz azdır. Hesabat dövründə 414 min nəfərə aylıq və birdəfəlik sosial müavinət, 54 min nəfərə Azərbaycan Respublikası Prezidentinin təqaüdləri ödənilib.

    O qeyd edib ki, ilin birinci yarısında ünvanlı sosial yardımların, aylıq və birdəfəlik sosial müavinətlərin, təqaüd və kompensasiyaların ödənişinə dövlət büdcəsindən 248 milyon manat vəsait xərclənib.

    "Ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərin və şəhid ailələrinin mənzil və fərdi evlərlə təmin olunması proqramı çərçivəsində iyun ayında Tərtər rayonunda 54 mənzilli yaşayış binası istifadəyə verilib, hazırda isə İmişli, Beyləqan, Şamaxı və Bakı şəhərlərində ümumilikdə 238 mənzili olan çoxmərtəbəli 4 yaşayış binası və 52 rayonda 375 fərdi evin inşası, eləcə də 165 mənzilin alınması işləri davam etdirilir. Bakı şəhərində gözdən əlillər üçün 132 mənzilli 12 mərtəbəli binanın tikintisi tamamlanmaq üzrədir. Əlilliyi olan şəxslərə il ərzində ümumilikdə 964 mənzilin və fərdi evin verilməsi təmin ediləcəkdir", - deyə nazir qeyd edib.

    O bildirib ki, əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası da cari ilin birinci yarısında diqqət mərkəzində olub:

    "Belə ki, əlilliyi olan şəxslərdən 165 nəfəri Türkiyə Respublikasında bərpa müalicəsinə, 786 nəfəri isə ölkə ərazisindəki istirahət mərkəzlərinə göndərilib. Hazırda ölkəmizin müxtəlif regionlarında 18 qeyri-hökumət təşkilatı tərəfindən 1500 nəfər ehtiyacı olan uşağı əhatə edən 29 sosial xidmət layihəsi icra olunur.

    Əlilliyi olan şəxslər üçün cəmiyyətin digər üzvləri ilə bərabər imkanların yaradılmasında idman tədbirlərinin xüsusi rolu vardır".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi