Biləsuvar rayonunun Zəhmətabad kəndində içməli su problemi yaşanır.
Bu barədə "Report"un Muğan bürosuna kənd sakinləri məlumat verib.
Onların sözlərinə görə, kənddə 2009-cu ildən içməli suyun verilməsi məqsədilə modul tipli sudurulducu qurğu quraşdırılıb. Lakin həmin qurğunun iş prinsipi pozulduğu üçün içməli su təminatı ərazidən keçən Biləsuvar şəhərinin su xəttinə qoşulub.
Sakinlər deyir ki, həmin vaxtdan elə su xətlərinin diametri kiçikölçülü olduğu üçün içməli su bərabər şəkildə paylanmır.
Onlar buna görə də su gətirmək üçün əlavə yol qət etməli olurlar: "Yaxud da kimin avtomobili varsa, Cəlilabad rayonundan qablarda su gətirməyə məcbur qalır. Həmçinin su daşıyan maşınlar da qiyməti qaldırıb. Bu hal isə vəziyyəti daha da ciddiləşdirib".
Problemlə bağlı Biləsuvar Sukanal Sahəsindən "Report"un yerli bürosuna bildirilib ki, sakinlər mövcud problemlə bağlı rəsmi şəkildə ərizə ilə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə müraciət etməlidirlər.
"Bundan sonra məsələyə yerində baxılıb, qərar qəbul olunacaq", - deyə qurumdan bildirilib.