Biləsuvar rayonunun Səmədabad kəndində əhalinin içməli su problemi həll olunur.
Bu barədə "Report"un yerli bürosuna Biləsuvar Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, problemin aradan qaldırılması ilə bağlı zəruri tədbirlər həyata keçirilir. Kəndin yeni yaşayış massivində əhalinin içməli və texniki suya olan ehtiyacını ödəmək üçün artıq yeni su xəttinin çəkilişinə başlanılıb.
Ümumi uzunluğu 6 000 metr olan su xətti ümumilikdə burada yaşayan 200 nəfər ailənin ehtiyacları üçün nəzərdə tutulub. Hazırda ərazidə suyun çəkilişi üçün qazma işləri aparılır, borular birləşdirilərək basdırılır.
Nəzərdə tutulan işlər yekunlaşandan sonra Cənub Muğan kanalının üzərinə su paylayıcı nasos quraşdırılacaq. Lahiyə üzrə sudan Səmədabad kəndinin Biləsuvar-Bəhrəmtəpə yolunun hər iki tərəfində yaşayan əhalisi də istifadə edə biləcək.
Qeyd edək ki, Səmədabad kəndində uzun illərdir su problemi yaşanıb. Bu, ötən ilin oktyabr ayında sakinlərin narazılığına səbəb olub. Həmin vaxt məsələ ilə bağlı "Report"da yazı dərc olunmuşdu.
