Dövlət Məşğulluq Agentliyi Şirvan-Salyan Regional Məşğulluq filialı tərəfindən Biləsuvar şəhərində əmək yarmarkası təşkil olunub.
"Report"un Muğan bürosunun məlumatına görə, yarmarkada 15 işəgötürən müəssisə iştirak edib.
Yarmarka zamanı işsiz və işaxtaran şəxslərə kənd təsərrüfatı, xidmət, satış və digər sahələri əhatə edən 500-ə yaxın vakansiya təqdim olunub. İşəgötürənlər tərəfindən vakansiyalarla bağlı ətraflı məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.
Filial tərəfindən vakansiyalar təhlil olunaraq qeydiyyatda olan 400-dən çox vətəndaşla fərdi şəkildə iş aparılıb. Müraciət edən şəxslərin CV-ləri qəbul edilərək, uyğun namizədlər növbəti mərhələyə – işəqəbul müsahibələrinə dəvət olunub.
Qeyd edək ki, növbəti əmək yarmarkalarının Neftçala və Salyan rayonlarında keçirilməsi planlaşdırılır.