Yuxarı

Bakıda yeni binalarda yığılan "ev pulu" problemi - ARAŞDIRMA

Sakinlər ödədikləri məbləğin müqabilində xidmət görmədiklərini iddia edirlər

Bakı. 21 iyul. REPORT.AZ/ Bakıda yeni tikilən binalarda Mənzil Tikinti kooperativlərinin (MTK) kommunal xidmətlər üçün mənzil sahiblərindən topladıqları vəsaitlərin düzgün istifadə olunmaması ilə bağlı bir çox hallarda narazılıqlar yaranır.

Belə ki, hər evdən 10-35 manat arası (məbləğ daha çox ola bilər) yığılan “ev pulu” bəzi sakinlər arasında sual doğurmaqla yanaşı, narazılığa da səbəb olub.

Yasamal rayonunun Yeni Yasamal yaşayış massivi, Dadaş Bünyadzadə 175-də yerləşən “Şərur MTK”ya məxsus çoxmərtəbli binanın sakinləri bildirirlər ki, yaşadıqları binada hər ay istifadə etdikləri işıq, su və qaz pulundan əlavə binanın komendantına 35-39 manat pul ödəyirlər. Bunun binanın təmizliyi, liftlərin təmiri və s. üçün nəzərdə tutulduğu bildirilir. Pulun qarşılığında isə qəbz və ya başqa bir sənəd verilmir. Qəbz tələb edənlərə əllə yazılmış kağız verilir: “Yığılan pulla liftin xırda təmirləri həll olunur və bloklara lampa salınır, amma binanın nə içi, nə də ətrafının təmizliyinə baxılır, mərtəbələr və həyət çirkli və tozludur, həyətdəki təmir isə sakinlər bura köçən gündən bitmir, nə uşaqların, nə də böyüklərin istifadəsi üçün normal şərait var”.

Beləliklə, bina sakinləri iddia edir ki, verdikləri pulun müqabilində xidmət görmürlər.

Nizami rayonu Nəsimi küçəsi 32 A ünvanında yerləşən “Aytac MTK”ya məxsus binanın sakinləri haqqında danışılan xidmətlərdən yararlanmaq üçün evin otaqlarının sayına görə, hər otaq üçün 10 manat məbləğində pul ödəyirlər. Bu binanın sakinləri liftlərlə bağlı problem yaşadıqlarını bildirirlər: “İki bloklu binanın hər blokunda iki lift var. Liftlər yeni olsa da, tez-tez nasazlıq baş verir. Bəzən lift yuxarı mərtəbələrə çıxarkən yolda dayanır, bu da ciddi narahatlığa səbəb olur”. Liftdə ciddi nasazlıq vaxtı təmir üçün “əlavə pul toplanmaq” lazım olduğunu da bildiriblər, amma sakinlər bu pulu verməkdən imtina ediblər. 

MTK-nın həmin bina üzrə səlahiyyətli şəxsi mətbuat üçün açıqlama verməkdən imtina etsə də, sakinlərə həmin pulların bina üçün yığıldığını, çek tələb edənlərə özlərinin yazdıqları qəbzi təqdim etdiklərini bildiriblər.

Bu ödənişlər hər bir MTK-nın nizamnaməsində “Evin saxlanması, istismarı və təmiri” adı altında qeyd olunur. Yəni bu xidmətlər üçün vəsait yığılması qanuni sayıla bilər, lakin məbləği hər bir MTK özü müəyyənləşdirir. Bu xidmətlərə lift təmiri, bina və həyətin təmizliyi, mühafizə işçilərinin maaşı və s. daxil ola bilər. Sakinlərə verilən qəbzlərə gəldikdə, hüquqşünaslar “Report”a bildirib ki, binada yaşayanlara Vergilər Nazirliyindən alınmış nömrəli qəbzlər təqdim oluna bilər. Daha sonra ödənişlərlə bağlı hesabat və müvafiq vergilər nazirliyə təqdim edilir. Lakin indiki halda MTK-larda məbləğ qəbzdə əllə yazıldığından, sakindən alınan pulla hesabatda qeyd olunan qəbzdə göstərilən pulun məbləği müxtəlif də ola bilər. Ümumilikdə isə sakinlərdən yığılan məbləğin necə müəyyən olunması birbaşa MTK-dan asılıdır ki, mənzili alan zaman bu, alıcıya bildirilməlidir.

Bu və MTK-larla əlaqəli digər məsələlərlə bağlı "Report" hüquqşünasların şərhini toplayıb.

-MTK-lar öhdəliklərini yerinə yetirmirlərsə, çıxış yolu nədir?

Hüquqşünasların fikrincə, MTK-lar öz üzərlərinə düşən öhdəlikləri tam yerinə yetirə bilmirlərsə, sakinlər məhkəməyə müraciət edə bilərlər. Sakinlərin iddiaları sübut olunarsa, onlar növbədənkənar iclas çağırıb, bu işləri görə biləcək başqa şirkətlə əməkdaşlıq edə bilərlər. Bununla yanaşı, payçılar özləri razılaşıb məhkəmə qaydasında MTK ilə razılaşmanı ləğv edib, prosesi özləri idarə edə bilərlər. Dünya təcrübəsində, o cümlədən qonşu ölkələrdə belə hallar mövcuddur: sakinlər arasından bir nəfər idarəçi seçilir və o, idarəçiliyi həyata keçirir, yəni pulun yığılmasına, təmirin aparılmasına və s. nəzarət edir. Yığılacaq pulu da sakinlər özləri müəyyənləşdirə bilərlər. Bu pul bütün xidmətləri qarşılayacaq məbləğdə və bölünməz olmalıdır, yəni, hansısa tərəf bundan mənfəət kimi gəlir əldə edə bilməz.

-MTK-larla müqavilələrin bağlanma prinsipi necə olur, bu müqavilələr hansı formada bağlanmalıdır?

-MTK-larda ev sahibləri payçılar sayılırlar, yəni həmin binalardan ev alanların müqavilələri alqı-satqı müqaviləsi kimi bağlanmamalıdır və bu, qanunvericiliyə ziddir. Yeni tikilməkdə olan bina ilə bağlı alqı-satqı müqaviləsi bağlana bilməz, yəni daşınmaz əmlak dövlət qeydiyyatından keçməyənədək alqı-satqı müqaviləsinin predmeti ola bilməz. Bu səbəbdən MTK-larla bağlanan müqavilələr evin alqı-satqısı ilə bağlı deyil, payın alqı-satqısı üzrə olmalıdır. Belə olan təqdirdə isə bina ilə bağlı verilən qərarlar tərəflərin, yəni sakinlərin hamısının razılığı ilə baş tutmalıdır. Hüquqşünaslar qeyd edir ki, bu müqavilələri ölkədə alqı-satqı müqaviləsi kimi də, sifariş müqaviləsi kimi də imzalayanlar var. Bu müqavilələrə isə qarşılıqlı razılaşma ilə dəyişiklik edilə bilər.

-Kommunal ödəmə necə aparılır və nəyə əsasən müəyyənləşdirilir?

-Kommunal ödəmələrdə də fərqli yanaşma mövcuddur. Tam təhvil verilməyən binalarda adətən sayğaclaşma aparılmır, sakinlər isə əvvəlcədən müəyyən edilmiş formada kommunal xərcləri ödəyirlər. Bu formalar ümumi kvadrata görə mənzil pulunun hesablanması, adam sayına görə və ya otaq sayına görə hesablanma. Təcrübədə bir çox MTK-lar məbləğləri özləri müəyyənləşdirirlər. Lakin istənilən halda vətəndaşlara təqdim olunan qəbzlərdə o məbləğlərin dəqiq qeyd olunması, həm vergilərin düzgün ödənilməsi, həm də sakinlərdən artıq pul alınmaması üçün vacibdir. Qəbzlərin tərtibatı da standartlara müvafiq olmalıdır  - VÖEN olan, şirkətin adı yazılan qəbzlər təqdim edilməlidir. Həmin qəbzdə ödəmənin təyinatı da qeyd olunur. Amma təcrübə göstərir ki, vətəndaşlara bir çox hallarda əl ilə yazılan qəbzlər təqdim edilir. Məsələn, yuxarıda qeyd etdiyimiz “Aytac MTK” və "Şərur MTK"-nın binalarının sakinlərinə təqdim olunan qəbzlər kimi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi