Bakıda "Gənclər daha yaxşı gələcək uğrunda" kampaniyasının yekun konfransı keçirilib

Bakıda "Gənclər daha yaxşı gələcək uğrunda" kampaniyasının yekun konfransı keçirilib Məqsəd kampaniya müddətində əhatə edilmiş fəaliyyətlərə dair hesabatın təqdim olunması və nəticələrin ictimaiyyətə çatdırılması olub
Sosial müdafiə
6 İyun , 2017 12:11
Bakıda Gənclər daha yaxşı gələcək uğrunda kampaniyasının yekun konfransı keçirilib

Bakı. 6 iyun. REPORT.AZ/ Bakıda "Gənclər daha yaxşı gələcək uğrunda" kampaniyasının yekun konfransı keçirilib.

"Report" xəbər verir ki, tədbir Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşkilatçılığı, Gənclər və İdman Nazirliyi və BMT-nin Əhali Fondunun dəstəyi ilə "ADA" Universitetində baş tutub.  

Konfransın əsas məqsədi kampaniya müddətində əhatə edilmiş fəaliyyətlərə dair hesabatın təqdim olunması və nəticələrin ictimaiyyətə çatdırılması olub. 

Tədbirdə "Gənclər daha yaxşı gələcək uğrunda" kampaniyasının 15 noyabr 2016 - 15 iyun 2017-ci il hesabat müddətini əhatə edən fəaliyyətlərinin hesabat videoçarxı təqdim olunub.

Qeyd olunub ki, kampaniya vasitəsilə gənclərə ötürüləcək məlumatın onların ehtiyacları əsasında formalaşdırılması məqsədilə layihənin ilkin mərhələsində 300-dən çox gənclər təşkilatının rəhbərləri, əməkdaşları və üzvləri arasında sorğu keçirilib. Lənkəran, Şəki, Quba və Gəncə şəhərlərində ikigünlük təlimlər təşkil olunub.

Kampaniya zamanı statistik məlumatların əks olunduğu infoqrafiklər sosial şəbəkələr vasitəsilə yayımlanıb. "Məqsədlərə doğru birlikdə!" adlı sosial aksiya keçirilib.

BMT-nin Əhali Fondunun Azərbaycan üzrə baş müşaviri Fərid Babayev bildirib ki, gənclər üçün daha yaxşı gələcək naminə görüləcək çox işlər var. O qeyd edib ki, təmsil etdiyi təşkilat gənclərə dəstək üçün görüləcək işlərdə Azərbaycan dövlətinin daim yanında olmağa hazırdır.

ARGTMŞ-nin sədri Seymur Hüseynov kampaniya çərçivəsində həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verib.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, Azərbaycanda gənclərlə bağlı görülən işlərin təməlində ulu öndər Heydər Əliyevin arzuları dayanır. O qeyd edib ki, Azərbaycan üçün sağlam, gözəl düşünə bilinən gənclik lazımdır: "Azərbaycan gəncləri bu gün bir çox ölkələrin gənclərinə nümunə ola bilər".

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli vurğulayıb ki, bu gün bazar iqtisadiyyatına daxil olan müstəqil ölkədə ən bahalı məhsul ağıldır: "Kim bunu başqa cür müzakirə edirsə, o düzgün mövqe seçməyib".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini Aynur Sofiyeva BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq Azərbaycanda görülən işlər barəsində məlumat verib.

Son xəbərlər

Orphus sistemi