“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) yeni beyin mərkəzlərinin açılışı planlaşdırılır”.
“Report” xəbər verir ki, bunu DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov “Sosial saat”da çıxışı zamanı deyib.
O xatırladıb ki, hazırda Bakıda 3 Dost Mərkəzi fəaliyyət göstərir: “1 saylı Dost Mərkəzi Yasamal, Səbail və Qaradağ rayonlarını əhatə edir. Həmin mərkəz vasitəsilə əlavə olaraq Şuşa və Zəngilan rayonlarında qeydiyyatda olanlara da xidmət göstərilir. 2 saylı Dost Mərkəzi Xəzər və Pirallahı rayonlarının, 3 saylı Dost Mərkəzi isə Nizami, Sabunçu və Suraxanı rayonlarının sakinlərinin ixtiyarındadır. Ümumilikdə isə hazırda mövcud Dost Mərkəzləri 8 rayonu əhatə edir. Bu mərkəzlər vasitəsilə 1 milyondan çox vətəndaşa xidmət göstərilir”.
Sədr qeyd edib ki, yaxın həftələrdə paytaxtda 4 saylı Bakı Dost Mərkəzinin açılışı olacaq: “Binəqədi və Nərimanov rayonlarının 500 minə yaxın sakini yeni mərkəzin xidmətindən yararlana biləcəklər. 220 minə yaxın vətəndaş sosial müdafiə sisteminə cəlb olunanlardır. Yaxın 1 ay ərzində isə Xırdalanda yerləşən Abşeron rayonu üzrə Dost Mərkəzinin açılışı da nəzərdə tutulub. Burada Abşeron qeydiyyatında olan vətəndaşlara xidmət göstəriləcək”.
F.Məmmədovun sözlərinə görə, Sumqayıt şəhərində DOST Mərkəzinin açılması ilə bağlı layihələndirmə işlərinə start verilib. O bildirib ki, 2022-ci ilin ikinci yarısında mərkəzin açılışının olması planlaşdırılır.
Sədrin sözlərinə görə, Gəncədə də Dost Mərkəzinin açılması üçün layihələndirmə işlərinə başlanılıb: “2022-ci ildə orada da açılış nəzərdə tutulub. Bundan başqa, yaxın bir-iki il ərzində Sumqayıt və Gəncədə açılış olacaq. Sabirabad, Quba, Bərdə, Masallı rayonlarında da DOST mərkəzlərinin təşkili ilə bağlı işlərə start verilib”.