"Bu Forumlar uşaq hüquqlarının qorunması, onların maraqlarının nəzərə alınması baxımından çox vacibdir".
"Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycan Uşaqlarının V Ümumirespublika Forumunda deyib.
Onun sözlərinə görə, Forumda iştirak edənlər minlərlə uşaq arasından seçilib: "Forumun sonunda qərarlar qəbul ediləcək, Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlanacaq, beynəlxalq təşkilatlara müraciət ediləcək".
O qeyd edib ki, Azərbaycan əhalisinin 26,2 faizini uşaqlar təşkil edir: "Sonuncu 4-cü Forumda uşaqlar tərəfindən səsləndirilən təkliflər aidiyyatı qurumlar tərəfindən diqqətə alınıb".
B.Muradova təəssüflə bildirib ki, erkən nikahlar barədə hələ də məlumatlar daxil olur: "Problemlərdən biri uşaqlara qarşı törədilən zorakılıqlardır. Bunların fəsadları ilə mübarizə aparmaq üçün regionlarda xüsusi komitələr fəaliyyət göstərir. Valideyn məsuliyyəti də uşaq hüquqlarının qorunmasında önəmli məsələdir”.