​Azərbaycanda yolların müvəqqəti bağlanması ilə bağlı SMS məlumatlandırma qaydaları təsdiqlənib

​Azərbaycanda yolların müvəqqəti bağlanması ilə bağlı SMS məlumatlandırma qaydaları təsdiqlənib Göndərilən qısa mesajların (SMS) həcmi GSM standartlarının tələblərinə uyğun müəyyən olunur
Sosial müdafiə
9 Dekabr , 2014 09:40
​Azərbaycanda yolların müvəqqəti bağlanması ilə bağlı SMS məlumatlandırma qaydaları təsdiqlənib

Bakı. 9 dekabr. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti “Yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı SMS məlumatlandırma Qaydaları”nı təsdiqləyib.

"Report"un xəbərinə görə, bu qaydalar yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı SMS məlumatlandırma qaydalarını müəyyən edir.

Qaydalara görə, yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı məlumatların qısa mesaj (SMS) vasitəsilə göndərilməsi Azərbaycan Nəqliyyat Nazirliyi tərəfindən sellülar (mobil) telekommunikasiya operatorları vasitəsilə həyata keçirilir. Göndərilən qısa mesajların (SMS) həcmi GSM standartlarının tələblərinə uyğun müəyyən olunur.

Eyni zamanda, yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı məlumatların qısa mesaj (SMS) vasitəsilə istifadəçilərə göndərilməsi Azərbaycan Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən təmin edilir.

Tətbiq edilən qaydalara əsasən, yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı məlumatların tərkibini Nəqliyyat Nazirliyinin balansında olan respublika və yerli əhəmiyyətli, habelə Bakı şəhərində yerləşən avtomobil yollarında və küçələrdə baş verən yenidən qurulma və təmir, dövlət tədbirlərinin keçirilməsi, qəzaların olması təşkil edir.

Yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı məlumatların qısa mesaj (SMS) vasitəsilə göndərilməsi üzrə xidmətlər ödənişlidir. Aylıq abunə haqqı və bir SMS-in qiyməti Nəqliyyat Nazirliyi ilə sellülar (mobil) telekommunikasiya operatorları arasında bağlanmış müqavilə ilə müəyyən edilir. Burada xidmətin göstərilməsindən daxil olan vəsaitin xidmətin təşkilində iştirak edənlər arasında bölgüsü tərəflər arasında qarşılıqlı razılaşma ilə tənzimlənir. Xidmətdən əldə edilən vəsait Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin hesablaşma hesabında yığılır.

Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalarda məlumatların göndərilməsi üzrə xidmətlərdən şikayət edilməsi də nəzərdə tutulub. Belə ki, məlumatların göndərilməməsinə və ya göndərilməsindən imtina edilməsinə görə “İnzibati icraat haqqında” İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

Son xəbərlər

Orphus sistemi