Azərbaycanda ünvanlı sosial yardım alanların sayı 33% azalıb

Azərbaycanda ünvanlı sosial yardım alanların sayı 33% azalıb “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna əlavə və dəyişikliklər edilməsi barədə qanun layihəsi hazırlanaraq hökumətə təqdim olunub
Sosial müdafiə
26 Dekabr , 2014 11:52
Azərbaycanda ünvanlı sosial yardım alanların sayı 33% azalıb

Bakı. 26 dekabr. REPORT.AZ/ Azərbaycanda dövlət sosial yardımlarının təyinatında ünvanlığın və şəffaflığın təminatına nəzarətin gücləndirilməsi nəticəsində ünvanlı yardım təyin olunan ailələrin sayı azalmaqda davam edir. 2014-cü ilin noyabr ayında respublikada 96 265 ailə (420 663 nəfər ailə üzvü) ünvanlı dövlət sosial yardımı alıb ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 47 638 ailə (209 632 nəfər və ya 33,3 %) azdır.

Bu barədə “Report”a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Ünvanlı dövlət sosial yardımın bir ailəyə düşən orta aylıq məbləği 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 7,5% artaraq 148,97 manata çatıb.

Nazirlik bildirir ki, hazırda ünvanlı sosial yardım sisteminin tam avtomatlaşdırılması işləri davam etdirilir. Belə ki, qabaqcıl dünya təcrübəsindən yararlanmaqla bu sahədə Azərbaycana məxsus yeni bir sistem qurulub. Yeni elektron sistem ünvanlı sosial yardım üçün müraciətlərin elektron qəbulu və yardımların təyinatının avtomatik şəraitdə həyata keçirilməsini nəzərdə tutur.

Aztəminatlı ailələrin səmərəli əmək fəaliyyəti ilə məşğul olmaqla reabilitasiya edilməsi imkanlarının yaradılması, həmçinin ailələrin sosial yardımlara ehtiyacının müəyyən edilməsi qaydalarının təkmilləşdirilməsi istiqamətində də işlər aparılır. Bununla əlaqədar “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna əlavə və dəyişikliklər edilməsi barədə qanun layihəsi hazırlanaraq hökumətə təqdim olunub.

Son xəbərlər

Orphus sistemi