DSMF sədri: "Azərbaycanda sığorta-pensiya sistemi kifayət qədər maliyyə dayanıqlığına malikdir"

DSMF sədri: "Azərbaycanda sığorta-pensiya sistemi kifayət qədər maliyyə dayanıqlığına malikdir" Dövlət Sosial Müdafiə Fondunda Beynəlxalq Valyuta Fondunun missiyası ilə işgüzar görüş keçirilib
Sosial müdafiə
1 Fevral , 2016 17:58
DSMF sədri: Azərbaycanda sığorta-pensiya sistemi kifayət qədər maliyyə dayanıqlığına malikdir

Bakı. 1 fevral. REPORT.AZ/ Dövlət Sosial Müdafiə Fondunda Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycanda səfərdə olan missiyası ilə görüş keçirilib. Fonddan "Report"a verilən xəbərə görə, Mohammed El Qorçinin rəhbərlik etdiyi missiya ilə Azərbaycanda pensiya islahatları və sığorta-pensiya sisteminin perspektiv inkişaf hədəfləri müzakirə olunub.

DSMF sədri Elman Mehdiyev bildirib ki, 2003-2015-ci illər ərzində fondun büdcəsinə daxil olan sosial sığorta haqlarının məbləği 9 dəfədən çox artıb: "Bu artımların, eləcə də pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ayrılan əlavə dövlət dəstəyi hesabına pensiya xərclərinin ölkənin ümumi daxili məhsula olan nisbəti yüksəlib. Bu rəqəm 2003-cü ildə 3,9 faiz təşkil etdiyi halda, 2015-ci ildə 5,1 faizə çatıb".

Fond sədri vurğulayıb ki, bu gün ölkənin iqtisadi həyatı ilə pensiyaçıların sosial müdafiəsinin müasir prinsiplər əsasında əlaqələndirilməsini təmin edən sığorta-pensiya sistemi kifayət qədər maliyyə dayanıqlığına malikdir və bunu ötən dövrdəki fəaliyyət göstəriciləri bir daha təsdiq edir: "Bununla yanaşı, dünyanın sosial-iqtisadi mənzərəsində baş verən dəyişikliklər müasir çağırışları şərtləndirir və əldə olunan inkişafın yeni mərhələdə daha da genişləndirilməsi üçün müvafiq tədbirlərin reallaşdırılması zərurətə çevrilir. "2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası" sığorta-pensiya sistemini iqtisadiyyatın mühüm həlqəsi kimi nəzərdən keçirir, dövlət və özəl pensiya sistemləri ilə maliyyə bazarları arasında sıx qarşılıqlı əlaqənin təmin edilməsini növbəti mərhələdə əsas prioritet kimi müəyyənləşdirir".

Beynəlxalq Valyuta Fondunun missiya rəhbəri Mohammed El Qorçi Azərbaycanın sığorta-pensiya sistemində görülən işləri yüksək dəyərləndirərək ölkədə bütün sosial proqramların uğurla icra olunmasından məmnunluğunu bildirib. Təmsil etdiyi qurumun Azərbaycanda reallaşdırdığı layihələrin əhəmiyyətini vurğulayan qonaq birgə əməkdaşlığın bundan sonra da səmərəli olacağını qeyd edib.

Görüşdə həmçinin missiyanın sualları cavablandırılıb, BVF ilə gələcək əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi