Yuxarı

​Azərbaycanda səhiyyə müəssisələrinin özəlləşdirilməsi məsələsi gündəmdə deyil

Maliyyə naziri: Bələdiyyələrə xəstəxana tikmək qadağan deyil

Bakı. 7 oktyabr. REPORT.AZ/ Azərbaycanda su təchizatı və energetika qurumlarına dövlət dəstəyi, onlara əlavə imkanların verilməsi məhz əhalinin çətinliyə düşməməsi üçün nəzərdə tutulur. "Report" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov parlament komitələrinin bu gün 2016-cı il büdcə zərfinin layihəsi ilə bağlı keçirilən toplantısında bildirib.

"Su və energetika qurumlarına kifayət qədər sərbəstlik verilməyib, çünki burada tariflərə nəzarət olunur. Bu sahələrdə ilk növbədə sosial effekt qiymətləndirilir. Biz istəmirik ki, əhali üçün çətinlik yaransın", - nazir qeyd edib.

S.Şərifov dövlət nəzarətində olan səhiyyə müəssisələrinin özəlləşdirilməsilə bağlı deputat Qüdrət Həsənquliyevin təklifinə cavab olaraq bildirib ki, burada heç bir qadağa yoxdur: "Dövlət lisenziyalar verir. Özəl sektorun iştirakı qadağan edilməyib. Lakin bunun nə qədər səmərəli olduğunu qiymətləndirmək bir qədər tezdir".

"Bələdiyyələrə də xəstəxana tikmək qadağan deyil. Bu xəstəxanaya ehtiyac varsa, bələdiyyə də aça bilər. Hesab edirəm ki, indi kifayət qədər səhiyyə müəssisələri fəaliyyət göstərir, onların da işini səmərəliləşdirməklə bir çox məsələləri həll etmək olar", - nazir vurğulayıb.

Ali təhsil müəssisələrinin özəlləşdirilməsilə bağlı təklifə gəlincə, nazir son islahatlardan sonra artıq bir çox dəyişiklik olduğunu deyib: "Bəzi tələbələrin təhsil haqlarını ödəyirik. Burada dövlət və özəl müəssisələr arasında ayrıseçkilik də artıq aradan qaldırılıb. Hazırda dövlət və özəl təhsil müəssisələri arasında fərq yalnız maddi-texniki bazadadır".

S.Şərifov, həmçinin xaricdə təhsil alan tələbələrin xərclərinin azaldılması ilə bağlı fikirlərə də cavab verib. Onun sözlərinə görə, hazırda müvafiq dövlət proqramı çərçivəsində xaricdə 3 185 nəfər təhsil alır. Onların xərcləri hər il artırılıb və bununla da müvafiq xərclər tam maliyyələşdirilib: "2008-ci ildə 5 mln., sonra 10 mln., daha sonra 15 mln., 20 mln., 34 mln. və 44 mln. manat vəsait ayrılıb".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi