Azərbaycanda prezident təqaüdü alanların sayı açıqlanıb

Azərbaycanda prezident təqaüdü alanların sayı açıqlanıb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində hesabat iclası keçirilib
Sosial müdafiə
22 Oktyabr , 2015 13:03
Azərbaycanda prezident təqaüdü alanların sayı açıqlanıb

Bakı. 22 oktyabr.REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidməti bu ilin 9 ayında görülən işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirib. Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

İclasda hesabat məruzəsi ilə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev bildirib ki, bu ilin 9 ayı ərzində respublika əhalisinin 4,4 faizi, yəni 427284 nəfər aylıq və sosial müavinətlə təmin olunub: "Onlardan 344070 nəfərinə (80,5%) aylıq, 83214 nəfərinə (19,5) isə birdəfəlik sosial müavinət ödənilib".

Xidmət rəisinin sözləruinə görə, qeyd olunan dövrdə ölkədə 53962 nəfərə Prezident təqaüdləri ödənilib: "Ümumilikdə hesabat dövründə ötən ilin müvafiq dövrü ilə müqayisədə aylıq və birdəfəlik sosial müavinət alanların sayı 6039 nəfər (1,4%), Prezidentin aylıq təqaüdləri ilə təmin olunanların sayı isə 3066 nəfər (6%) artıb. Ümumiyyətlə, bu ilin 9 ayında sosial müavinət və təqaüdlərin, kompensasiyaların ödənilməsinə ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,8 milyon manat və ya 4% çox vəsait yönəldilib".

Digər sahələrdə görülən tədbirləri də diqqətə çatdıran Ç.Əliyev bu ilin noyabr ayında keçiriləcək Əlillərin IX Ümumrespublika Yaradıcılıq- Sərgi Müsabiqəsinin yüksək səviyyədə təşkili üçün məqsədyönlü işlərin aparıldığını vurğulayıb. İclasda bu ilin 9 ayında sosial cəhətdən həssas qrupların təminatının gücləndirilməsi, əhaliyə xidmət səviyyəsinin yüksəldilməsi üçün görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub. Müsbət göstəricilər qeyd olunmaqla yanaşı, nöqsanlardan da bəhs olunub, fəaliyyətində nöqsanlara yol verən əməkdaşlarla bağlı inzibati tənbeh tədbirlərinin görülməsi barədə qərarlar qəbul edilib.  

Son xəbərlər

Orphus sistemi