Yuxarı

Azərbaycanda əlillik və sağlamlıq imkanları məhdudluğunun qiymətləndirilməsi sistemi təkmilləşdiriləcək

Prezident Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sisteminin yaradılması haqda fərman imzalayıb

Bakı. 14 sentyabr. REPORT.AZ/ Prezident İlham Əliyev əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında fərman imzalayıb.

"Report"un məlumatına görə, sənəddə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sistemində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sisteminin (TSERAS) yaradılması nəzərdə tutulur.

Nazirlik, həmçinin əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi üçün vətəndaşlara elektron formada müraciət etmək imkanını yaratmaq məqsədi ilə “Elektron hökumət” portalına müvafiq informasiya-proqram resurslarını əlavə etməli, əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi məqsədi ilə edilmiş müraciətlər, keçirilmiş müayinələr, qəbul edilmiş qərarlar barədə məlumatları elektron formada real vaxt rejimində TSERAS-a ötürülməsini təmin etməli, o cümlədən əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi ilə bağlı məlumatların əldə edilməsi imkanını yaratmaq məqsədi ilə müayinə olunan şəxslərin, işəgötürənlərin və fəaliyyəti ilə bağlı bu məlumatdan istifadə edən dövlət orqanlarının “Elektron hökumət” portalı vasitəsilə TSERAS-a çıxışını təmin eməlidir.

Qərarda bildirilir ki, Səhiyyə Nazirliyi iki ay müddətində əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi üçün həkim-məsləhət və hərbi-həkim komissiyalarının rəsmiləşdirdikləri tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin vahid mərkəzləşdirilmiş reyestrini yaratsın və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron hökumət” portalı vasitəsilə bu reyestrə real vaxt rejimində çıxışını təmin etməli, tibbi-sosial ekspertiza müayinəsinə göndəriş barədə məlumatların müayinəyə göndərilən şəxslər tərəfindən elektron formada əldə olunması imkanını yaratmaq məqsədilə “Elektron hökumət” portalına müvafiq informasiya-proqram resurslarını əlavə etməlidir.

Nazirlik, bunula yanaşı həkim-məsləhət və ya hərbi-həkim komissiyaları fəaliyyət göstərən dövlət orqanlarına tapşırılsın ki, tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin rəsmiləşdirildiyi gün gücləndirilmiş elektron imza ilə imzalanmış elektron sənəd formasında göndərişlərin vahid mərkəzləşdirilmiş reyestrinə daxil olunmasını təmin etməlidir.

"Rabitə və Yüksək Texnologiyalar Nazirliyi iki ay müddətində bu fərmanın 2-ci və 3-cü hissələrində nəzərdə tutulan informasiya-proqram resurslarının “Elektron hökumət” portalına inteqrasiyasını və həmin resurslardan müvafiq dövlət qurumlarının istifadə imkanını, həmçinin tibbi-sosial ekspertiza müayinəsinə göndərişləri təqdim edən səlahiyyətli şəxsləri gücləndirilmiş elektron imza ilə təmin etsin", - deyə qərarda bildirilir.

Qeyd olunur ki, Nazirlər Kabineti birinci dərəcə əlilliyin və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsini, ikinci və üçüncü dərəcə əlilliyin təyinat müddətinin 5 ildən az olmayaraq artırılmasını və təkrar müayinə sayının azaldılmasını nəzərdə tutmaqla, əlilliyin müəyyən olunması meyarlarında iki ay müddətində dəyişikliklər etməli, tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydalarını, əlilliyin müddətsiz təyin edilməsinə əsas verə bilən tibbi göstərişlərin olduğu hallarda göndərişlərin sadələşdirilmiş qaydada rəsmiləşdirilməsini nəzərdə tutmaqla, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq iki ay müddətində təsdiq etməli və əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi üçün tələb olunan arayış və məlumatlara dair informasiya sistemlərini və ehtiyatlarını müəyyən edib, onları bir ay müddətində “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının siyahısına əlavə etməlidir.

Nazirlər Kabineti, həmçinin prezident aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, eləcə də, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində prezidentə məlumat verməli və bu fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Fərmana əsasən, Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi