Yuxarı

​Azərbaycan əhalisi 9,6 mln. nəfərə çatıb

Ötən il Azərbaycanda doğulanlar ölənlərin sayından 115 min nəfər çox olub

Bakı. 13 fevral. REPORT.AZ/ Azərbaycan əhalisinin sayı 2014-cü il ərzində 115,9 min nəfər və yaxud 1,2% artaraq 2015-ci ilin əvvəlinə 9,593 mln. nəfər olub. "Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, 2014-cü ildə əhalinin sayının ümumi artımı əsasən təbii artım hesabına baş verib. Bununla yanaşı, miqrasiya artımı da müşahidə olunub və bu amil əhalinin ümumi artımının 0,9%-ni təşkil edib.

Ölkə əhalisinin 1 kv. km-ə düşən sıxlığı 111 nəfər təşkil edir. Əhalinin ümumi sayından 53,1%-i şəhər, 46,9%-i kənd sakinləri, 49,8%-i kişilər, 50,2%-i isə qadınların payına düşür və hər 1 000 kişiyə 1 009 qadın düşür.

Son illər ərzində ölkədə doğum səviyyəsi yüksək olaraq qalmaqda davam edir və ötən il Azərbaycanda doğulanlar ölənlərin sayından 114,9 min nəfər çox olub. Belə ki, 2014-cü ildə ölkədə 170,5 min körpə doğulub, əhalinin hər 1 000 nəfərinə hesabı ilə bu göstərici 18,1 təşkil edib. Doğulanların 53,6%-i oğlanlar, 46,4%-i isə qız uşaqlarından ibarət olub. Körpələrin 3 148-i əkiz, 60-ı isə üçəm doğulub.

Ölkədə uşaq doğmaq qabiliyyətinə malik olan qadınların bütün ömür boyu hər birinə orta hesabla 2,2 doğulmuş uşaq düşərək əhalinin təkrar istehsalı təmin olunur.

Ötən il ərzində ölkədə 55,6 min ölüm halı qeydə alınıb və əhalinin hər 1 000 nəfərinə hesabı ilə ölənlərin sayı 5,9 təşkil edib.

Hesabat ilində ölkədə 84,9 min nikah və 12,1 min boşanma halları qeydə alınıb və əhalinin hər 1 000 nəfərinə hesabı ilə bu göstəricilər müvafiq olaraq 9,0 və 1,3 olub.

Ötən il Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 1,9 min nəfər gələn və 0,8 min nəfər ölkədən gedən qeydə alınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi