Yuxarı

Azərbaycan dövlət qurumlarına vətəndaşların müraciətinə tez cavab verməsi ilə bağlı öhdəlik qoyulur

Sorğuya 7 iş günündən gec olmayaraq cavab verəcəklər

Bakı. 10 fevral. REPORT.AZ/ Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında Azərbaycan Prezidenti tərəfindən təqdim olunmuş yeni “Vətəndaşların müraciətləri haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

"Report" xəbər verir ki, layihə barədə məlumat verən komitə sədri Rəbiyyət Aslanova bildirib ki, yeni qanun layihəsi 1997-ci ildə qəbul olunmuş “Vətəndaşların müraciət qaydaları haqqında” qanunun tamamilə yenidən işlənmiş, dəyişdirilmiş formasıdır.

Qanun layihəsində qeyd olunub ki, vətəndaşların müraciətə baxan subyekt və ya onun vəzifəli şəxsi müraciətdə göstərilən məsələnin həlli ilə əlaqədar əlavə məlumatların öyrənilməsi üçün aidiyyəti üzrə sorğu göndərdikdə, həmin sorğuya 7 iş günündən gec olmayaraq cavab verəcəklər.  

Qanun layihəsinə əsasən, müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri müraciətdə irəli sürülən məsələlərin həlli onların səlahiyyətinə aid olmadıqda, müraciəti 5 iş günündən gec olmayaraq aidiyyəti üzrə göndərir və müraciət edənə bu barədə məlumat verir. Həmçinin müraciətdə göstərilən məsələ bir neçə müraciətə baxan subyektin səlahiyyətinə aid edildikdə, müraciətin surəti 5 iş günündən gec olmayaraq həmin subyektlərə göndərilir.

Anonim, eləcə də mətnində təhqir və böhtana yol verildikdə, eləcə də müraciətdə göstərilən məsələ ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda, vətəndaşın təkrar müraciətlərinə bir il ərzində 3 dəfə mahiyyəti üzrə əsaslandırılmış cavab verildikdə və təkrar müraciətdə məsələnin həlli üçün yeni məlumatlar olmadıqda, həmçinin 7 gün ərzində müraicətin aidiyyəti üzrə göndərilməsi mümkün olmadıqda və ya müraciətdə olan məlumatlar onun həlli və ya aidiyyəti üzrə göndərilməsi üçün kifayət etmədikdə müraciət baxılmamış saxlanılır. Müraciətin baxılmamış saxlanmasına əsas verən hallar aradan qaldırıldıqda, müraciətə baxan subyekt ona baxılması təmin etməlidir.

Vətəndaşın müraciətinə onun daxilolma tarixi və qeydiyyat nömrəsi qoyulur. Müraciət edən şəxsin tələbi ilə ona müraciətin qeydiyyat qeydiyyat nömrəsi, tarixi və onun icrasına dair məlumat bildirilir. Vətəndaşın müraciətinə baxılmasına dair cavab məktubunda müraciətdə göstərilən məsələlərin araşdırılması və görülən tədbirlər və ya həmin məsələlərlə bağlı aidiyyəti üzrə müraciət edilməsi subyekt göstərilməlidir. Müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə, müraciət baxılmış hesab olunur. Müraciətə dövlət dilində cavab verilir.

Vətəndaşların yazılı müraciətlərinin qəbulu, qeydiyyatı və onlara baxılması qaydasına gəlincə, müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidir. Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina isə qadağandır.

Eyni zamanda yuxarı dövlət orqanı vətəndaşların müraciətlərini baxılmaq üçün aidiyyəti dövlət və bələdiyyə orqanlarına, yaxud digər müraciətə baxan subyektə göndərdikdə, həmin müraciətə baxılmanın nəticəsi barədə yuxarı dövlət orqanlarının tələbi ilə müraciətə baxan subyektin rəhbəri tərəfindən ona məlumat verilməlidir. Bundan başqa, vətəndaşların müraciətlərini aidiyyəti üzrə baxılmaq üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərmək qadağandır.

Vətəndaşların müraciəti ilə bağlı kargüzarlıq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada aparılır və müraciətə baxan subyektin rəhbəri tərəfindən təmin edilir. Müraciətə baxan subyektlərin müraciətlərin qəbul edilməsi və cavablandırılması işini həmçinin elektron formada həyata keçirmək hüququ var.

Qanun layihəsi müzakirələrdən sonra plenar iclasa tövsiyə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi