Yuxarı

“ASAN xidmət indeksi” üzrə dövlət xidmətlərinin qiymətləndirilmə mexanizmi təqdim olunub

Hafiz Paşayev: Layihənin yaradılmasında ADA Universitetinin alimləri iştirak ediblər

Bakı. 3 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və "ADA" Universiteti tərəfindən hazırlanan “ASAN xidmət indeksi” üzrə dövlət xidmətlərinin qiymətləndirilmə mexanizmi təqdim olunub.

"Report" xəbər verir ki, tədbirdə Dövlət Agentliyinin sədri İnam Kərimov, xarici işlər nazirinin müavini və "ADA" Universitetinin rektoru Hafiz Paşayev iştirak edib. 

Rektor Hafiz Paşayev bildirib ki, bu ortaq layihənin məqsədi dövlət xidmətlərinin keyfiyyətinin və operativliyinin artırılmasıdır: "Layihənin yaradılmasında ADA Universitetinin alimləri iştirak ediblər". 

Dövlət Agentliyinin sədri İnam Kərimov mexanizm haqqında geniş məlumat verərək deyib ki, qiymətləndirmə noyabr ayından etibarən başlayacaq: "Hər il iyun ayının ilk həftəsində ötən il üzrə qiymətləndirmənin nəticələri açıqlanacaq. Qurumların qiymətləndirmə mərhələsi hər il noyabr-dekabr aylarında nəzərdə tutulub. Sorğu anketlərinin təhlili və qiymətləndirilməsi isə hər il yanvar və iyun ayında aparılacaq". 

Qeyd edək ki, “ASAN xidmət indeksi” üzrə qiymətləndirmə vasitəsilə dövlət xidmətlərini həyata keçirən şəxslərin peşəkarlıq səviyyəsinin ölçülməsi və inkişaf etdirilməsi, dövlət xidmətlərinin göstərilməsində şəffaflığın təmin olunması, dövlət xidmətlərinə nəzarət və şikayət mexanizmlərinin inkişaf etdirilməsi, dövlət xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin yüksəldilməsi təmin ediləcək. 

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin “Dövlət Xidmətlərinin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” 2014-cü il 11 sentyabr tarixli, 262 nömrəli fərmanına əsasən dövlət xidmətləri haqqında məlumatların vahid mənbədə toplanması və sistemləşdirilməsi, xidmətlərin göstərilməsində təkrarlığın aradan qaldırılması və yeni növ xidmətlərin yaradılması yolu ilə bu sahədə idarəetmənin çevikliyinin təmin edilməsi, xidmətlər üzrə təhlil və proqnozlaşdırma imkanlarının artırılması məqsədi ilə Dövlət Xidmətlərinin Elektron Reyestri yaradılıb və istifadəyə verilib. Hazırda 118 dövlət orqanı tərəfindən göstərilən 594 dövlət xidməti haqqında bütün məlumatlar Reyestrdə öz əksini tapıb. Bundan əlavə, yalnız mərkəzi və yerli icra hakimiyyəti orqanları deyil dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər, büdcə təşkilatlarının xidmətləri də Dövlət Xidmətlərinin Elektron Reyestrində əks olunacaq və vətəndaşlar vahid mənbədən bütün dövlət xidmətlərinə çıxış əldə edəcəklər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi